Mircavadov: Təcrübəli məşqçi kimi kənarda qalmışamsa, deməli, bizdə işləyənə qiymət verilmir
24.12.2008 - 14:19
Mircavadov: Təcrübəli məşqçi kimi kənarda qalmışamsa, deməli, bizdə işləyənə qiymət verilmir
“Az öncə Rusiyadan ciddi təklif almışdım. Danışığımız oldu, amma həmin klubun dəvətini qəbul etmədim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

“Xəzər-Lənkəran”ın baş məşqçisi postundan uzaqlaşdırıldıqdan sonra beş aya yaxındır işsiz qalan 61 yaşlı mütəxəssisin sözlərinə görə, Rusiyada çalışa bilərmiş. Ancaq Mircavadov ona təklif olunan vəzifədə həmkarının işləməsinə şərait yaradıb: “Artıq həmin komandanın baş məşqçisi var. Onu yaxşı tanıyıram. 80-ci illərdə məşqçilik məktəbində birgə təhsil almışıq. Həmkarımı mənə təklif göndərən komandaya məsləhət bildim və onu götürdülər. Nə həmin klubun, nə də həmkarımın adını açıqlamaq fikrindəyəm. Bunlar artıq geridə qalıb. Gəlin, xırdalığa varmayaq”.

Məşqçilik karyerası boyu yalnız öz klublarımızı çalışdıran ən titullu azərbaycanlı mütəxəssis ölkədən kənarda çalışmaqda maraqlı deyil. Mircavadov bunu ailə vəziyyəti ilə əlaqələndirib: “Evdəki mühitə görə xaricdə işləməyim qeyri-mümkündür. Ölkə daxilində isə təklif yoxdur. Qışda havalar soyuq keçir, hamı isti yerdə oturub. Mən də istirahətimi davam etdirirəm, nəvələrimlə oynayıram. Bu da bir işdir. Təcrübəli mütəxəssis kimi kənarda qalmışamsa, belə çıxır ki, bizdə işləyənə qiymət verilmir. Gərək, başqa hərəkət edəsən”.
0