“Bakıda deyə bilmərəm, amma Almaniyada Azərbaycan yığmasını məğlub edəcəyik” - MÜSAHİBƏ
20.02.2009 - 12:04
“Bakıda deyə bilmərəm, amma Almaniyada Azərbaycan yığmasını məğlub edəcəyik” - MÜSAHİBƏ
Almaniyanın “Ayntraxt” klubunun vitse-prezidenti Aksel Hellmann işgüzar səfərlə Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Bundesliqada çıxış edən Frankfurt təmsilçisinin nümayəndəsi AFFA-nın rəsmi internet saytına müsahibə verib.

- Əvvəlcə özünüz haqqında məlumat verməyinizi xahiş edirik…
- 37 yaşım var. «Ayntraxt» klubunda vitse-prezident vəzifəsində çalışıram. İşim müqavilələrin bağlanması, xarici əlaqələrin qurulmasından ibarətdir.

- Bildiyimizə görə, Bakıya Futbol akademiyasının açılışında iştirak etmək üçün gəlmisiniz. Akademiyada yaradılan şəraitlə tanış oldunuzmu?
- Bakıya ilk dəfə ötən ilin sentyabrında gəlmişdim. O zaman akademiyanın hələ bünövrəsi qoyulmuşdu və işlər davam etdirilirdi. İnşaatın nə vaxt bitəcəyini səbirsizliklə gözləyirdim. Budəfəki səfərimdə tikintinin başa çatdığını görmək çox sevindirici oldu. Açığı, akademiyada yaradılan şərait məni yaxşı mənada xeyli təəccübləndirdi.

- Avropanın bir çox ölkələrində klubların Futbol Akademiyaları var. Bəs hazırda çalışdığınız «Ayntraxt»ın necə, belə bir akademiyası varmı? Əgər varsa, oradakı iş sistemi ilə bağlı məlumat verə bilərsinizmi?
- İndi bir akademiyamız var. Amma hazırda klubumuz tərəfindən yeni akademiya inşası edilir. 2010-cu ildə tikintini başa çatdırmağı planlaşdırmışıq. Çox nəhəng bir kompleks olacaq. Akademiyamızda uşaqlarla yanaşı, valideynlərin də məskunlaşmasına şərait yaratmışıq. Amma Bakıdakı Futbol akademiyası klub deyil, AFFA tərəfindən inşa olunduğundan, sistem fərqlidir.

- Necə düşünürsünüz, Futbol akademiyasında təhsil alan uşaqların dərsdən sonra ailələrinin yanına qayıtması daha faydalıdır, yoxsa akademiyada, birgə təhsil aldıqları məktəbli yoldaşları ilə yaşaması?
- Dediyim kimi, sizdə sistem fərqlidir. Burada valideynlər uşaqlarını AFFA-ya etibar edirlər. Yəni uşaqların təhsili, məşqi, qidalanması, istirahəti və sair kimi qayğılarının məsuliyyəti tamamilə futbol qurumunuzun üzərinə düşür. Almaniyada isə məşqdən sonra şagird valideynlərinin öhdəsinə verilir. Bu, uşaqların akademiyadan çıxandan sonra nə işlə məşğul olduqlarını görməyimizə, onları nəzarətdə saxlamağımıza müəyyən mənada maneə yaradır. Amma sizin akademiyada təhsil alacaq uşaqlar mütəmadi olaraq məşqçilərin, pedaqoqların nəzarətində olacaqlar. Həm də şagirdlər bir-birini daha yaxından tanıyacaq və tez isinişəcəklər. Səmimi etiraf edim ki, AFFA-nın tətbiq edəcəyi bu sistem məsuliyyətli olsa da, futbolun inkişafı üçün daha faydalıdır.

- «Ayntraxt»la AFFA arasında əməkdaşlıq müqaviləsi var. Maraqlıdır, Azərbaycandan başqa, Avropanın hansı ölkəsinin futbol təşkilatı və ya klubu ilə belə əməkdaşlıq edirsiniz?
- İtaliyanın bir neçə klubu ilə belə əməkdaşlığımız mövcuddur. Onlara əsasən infrastrukturla bağlı tövsiyələrimizi verir, təcrübə mübadiləsi aparırıq. Futbol federasiyaları ilə əməkdaşlığa gəlincə, açığı, indi Avropanın, demək olar ki, əksər ölkələrində futbol inkişaf edib və buna görə hər hansı dövlətin futbol qurumundan əməkdaşlıq təklifi almamışıq. 10 ay bundan əvvəl AFFA ilə bağladığımız əməkdaşlıq müqaviləsi əsasında görülən işlər artıq bəhrəsini verib. Bir vaxtlar «Ayntraxt»da işləyən Bernhard Lippert bu gün Azərbaycanda çalışır və onun rəhbərlik etdiyi U-17-nin Avropa çempionatının seçmə oyunlarında elit mərhələyə adlaması böyük uğur sayılmalıdır.

- Bernhard Lippertin rəhbərliyi altında komandamız Almaniyada təlim məşq toplanışı keçirdi. Bundan başqa, iki futbolçumuz «Ayntraxt»dakı həmyaşıdları ilə məşqlər etdi. Yəqin ki, oyunçularımızın çıxışını izləmisiniz. Deyə bilərsinizmi, azərbaycanlı yeniyetmə futbolçu ilə almaniyalı həmyaşıdı arasında nə kimi fərq gördünüz?
- Bəli, oyunçularınızın səviyyəsini həm mən, həm də klubumuzun skautları gördü. Onların istedadlı, bacarıqlı olduqlarını seleksiyaçılarımız da təsdiqlədilər. Problem yalnız taktiki baxımdan «axsamalarıdır». Açığı, 17 yaşına çatmış yeniyetməyə nəsə öyrətmək xeyli çətindir. Heç olmasa, 12-13 yaşlarında olsaydılar, onları yaxşı hazırlaşdırmaq, nəsə öyrətmək daha asan olar olardı. Bir də futbolçularınızın beynəlxalq oyun təcrübəsinin az olduğunu öyrəndim. Bu da mühüm problemdir. Amma ölkənizdə seleksiya işinin düzgün qurulduğunu U-17-nizə baxmaqla müəyyənləşdirmişdim. AFFA-nın baş katibi Elxan Məmmədov da mənimlə söhbətində bildirdi ki, artıq regionlarda seleksiya işinə başlanıb. Bu da məni çox sevindirdi.

- Dünya çempionatında Almaniya və Azərbaycan yığması eyni qrupda mübarizə aparır. Komandalarımızın bir-biri ilə qarşıdakı oyunlarında şanslarını necə görürsünüz?
- Millinizlə Bakıdakı oyun avqusta təyin olunub. Bakıda yay aylarının çox isti keçdiyini eşitmişəm. İqlim dəyişikliyinin bizə mənfi təsir göstərə biləcəyini indidən söyləmək olar. Digər tərəfdən, avqust Almaniya çempionatında mövsümlərarası fasilə dövrünə təsadüf edəcək. Yəni futbolçularımız öz klublarının heyətində təlim-məşq toplanışından qayıdacaqlar və oyun təcrübəsi baxımından problem yaşayacaqlar. Mən yığmamızın baş məşqçisi ilə də söhbət etdim və onun arxayın olduğunu gördüm. Amma havaların isti keçəcəyi bizim üçün böyük problem olaraq qalır. Açığı, Bakıda keçirəcəyimiz oyunla bağlı proqnoz verə bilməyəcəyəm. Amma Almaniyadakı qarşılaşmada qələbə qazanacağımıza ümid edirəm.

- Qrupdakı digər rəqibimiz Rusiya yığmasının üzvləri açıqlamalarında deyirlər ki, qrupun taleyinə Rusiya ilə Almaniya milliləri arasında keçiriləcək iki matçda aydınlıq gətiriləcək. Bu fikirlə razısınız?
- Rusiya millisinin güclü heyəti və dünya səviyyəli baş məşqçisi var. Amma qrupun taleyinin necə olacağını zaman göstərəcək. Əlimizdən gələni edəcəyik ki, xalları biz qazanaq.

- Sizcə, Azərbaycanda futbolun Avropa səviyyəsinə çatması üçün nə qədər vaxt lazımdır?
- Bu templə davam etsəniz, Azərbaycan futbol sahəsində inkişaf etmiş 20 ölkənin arasına düşə bilər. Futbol akademiyasında oldum, şəraiti gördüm. Sizdən AFFA prezidentinə belə gözəl akademiyanın inşa olunmasına göstəriş verdiyi üçün şəxsən mənim adımdan təbrik və təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Burada olduğum müddətdə əhalinin futbola yüksək səviyyədə maraq duyduğunu gördüm. Amma mənə qəribə gələn bir şeylə rastlaşdım. Nədənsə futbolla yaşayan əhaliniz milli çempionat oyunlarını izləmək üçün stadionlara gəlmirlər. Açığı, tribunaları boş görəndə xeyli təəccübləndim.

- Elə isə azarkeşləri stadionlara cəlb etmək üçün Avropa klubunun rəsmisi kimi azərbaycanlı həmkarlarınıza nə tövsiyə edirsiniz? Təbliğat hansı səviyyədə qurulmalıdır ki, tribunalar boş qalmasın?
- İlk növbədə mətbuat, xüsusilə də televiziyalardan çox şey asılıdır. Bəzən Azərbaycan Premyer Liqasının oyunlarını televiziya vasitəsi ilə izləyirəm. Təəssüf ki, oyunu yayımlayan telekanallar lazımi auranı yarada bilmirlər. Məsələn, oyunları 3-4 kamera ilə çəkirlər ki, bu da meydanda baş verən hər şeyi görməyə imkan vermir. Əvvəllər Almaniyada da belə idi. Amma indi bizdə oyunlar 36 kamera ilə çəkilir. Bu isə azarkeşin meydanda olanların hamısını görməsinə şərait yaradır. Bu məsələdə işlər düzgün qurulsa, stadionda gördüyü epizodları evinə qayıtdıqdan sonra teleyayımda axtaracaq və özü üçün təhlillər aparacaq. Bu baxımdan oyunlar ən azı 12 kamera ilə çəkilməlidir.

- Amma bir fakt da var ki, bu gün ev oyunları canlı yayımlanmayan əyalət klublarının doğma meydanında keçirdiyi matçları tribunalardan 7-8 min azarkeş izləyir.
- Televiziya yalnız bir faktor idi. Azarkeşlərin tribunaları doldurmamasının digər səbəbi azarkeşi olduqları klubların şəxsi stadionlarının olmamasıdır. Yəni bir arenadan bir neçə komanda istifadə edir. Halbuki azarkeş sevdiyi komandanın ev oyununu izləməyə gələndə özünü öz evinə gəlmiş kimi rahat hiss etməlidir. Digər tərəfdən, Tofiq Bəhramov adına stadionda tribunaların meydançadan xeyli aralı olduğunu gördüm. Məncə, bu, heç də yaxşı hal deyil. Tribunalar meydana çox yaxın olmalıdır ki, futbolçu azarkeşi, azarkeş isə oyunu sözün əsl mənasında hiss etsin. Bunun üçün klublar çox iş görməlidirlər.
0