Babək Quliyevlə Anar Niyazov üç il hakimlik etməyəcəklər
11.03.2009 - 15:28
Babək Quliyevlə Anar Niyazov üç il hakimlik etməyəcəklər
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- FİFA hakimləri Babək Quliyevlə Anar Niyazov qeyri-müəyyən müddətə referilikdən kənarlaşdırılıblar. Onların adları xoşagəlməz olaylar ətrafında hallanır. PFL prezidenti kimi, bu məsələyə rəsmi mövqeyinizi bildirərdiniz...
- Onsuz da bunu nə vaxtsa açıqlamalıyıq. Nə varsa, söyləmək istəyirəm. Bildiyiniz kimi, bütün dünyada maliyyə böhranı hökm sürür. Buna baxmayaraq, böhran müddətində klublarımız 21 legioner transfer edib və həmin futbolçular ikinci dövrə üçün sifariş olunub. Buna görə, klub rəhbərliyinə minnətdaram. Deməli, onlar Azərbaycan futbolunun inkişafı naminə nəsə edirlər. AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə işə başladığımız ilk gündən hamımız danışmışdıq ki, təmizlik olsun və kim güclüdür, o da qalib gəlsin.
Bildiyiniz kimi, indiyə qədər hakimlərimiz ölkədən kənarda təlim-məşq toplanışı keçməmişdilər. Bunu reallaşdırdıq. Burada söhbət heç də xərcdən yox, hakimlərə olan diqqətdən gedir. İstəyimiz odur ki, Azərbaycan futbolu inkişaf etsin, düzgünlük olsun. Amma bəzi klublarda narazılıq, söz-söhbətlər olur. Mən də əvvəldən hakimlərə demişdim ki, onlarla bağlı hər hansı xoşagəlməz şeylər eşitməyim. Söhbətlər çatırdı, sadəcə, faktlar olmurdu. Nəhayət, mən danışığa qulaq asdım və gördüm ki, həmin iki hakim – Babək Quliyevlə Anar Niyazov haqda hansısa klub rəhbərləri söhbət edirlər. Bu da pulla bağlı idi. Səhəri işə gəlib, hər ikisini yanıma çağırdım. Onlara dedim ki, qardaş, gedin, özünüzə iş axtarın.

- Bu söhbətin çəkilişi varmı?
- Xeyr, diktofon yazısı var. Bu, şəxsən mənə təqdim olundu. Quliyevlə Niyazovun səslərini tanımasam, deməzdim.

- Amma hər bir adama inanmaq, etibar etmək də olmur...
- Hər kəsə inanmırıq. Amma səslərindən danışanların Babəklə Anarın olduğunu bildim. Hər ikisi deyir ki, pul almamışam. Demirəm ki, alıblar. Amma fakt var ki, danışıblar.

- Təbii ki, söhbət rüşvətdən gedir...
- Bəli. Danışıblarsa, bu, kifayət edir. Niyə danışıblar?

- Məbləğ nə qədər olub?
- Gəlin, dərinə getməyək.

- Məhz bu hakimlərin belə işlərlə məşğul olması, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Açığını deyim ki, hakimlər arasında ən çox inandıqlarım onlar idi. Beynəlxalq dərəcəli, irəlidə gedən hakimlərimizdən sayılırdılar.

- Ancaq hakimlər bunu təkzib edirlər. Quliyev saytımıza açıqlamasında bunları boş söz-söhbət adlandırıb...
- Nə bilim, yanılmayan bir Allahdır.

- Bununla belə, araşdırma davam edir...
- Hə, araşdırma gedir və inanıram ki, onların hakimliyə qayıtması qeyri-mümkündür. İstəməzdim belə alınsın. Amma fakt faktlığında qalır. Hakimlər üçün bacardığımı etdim, edirəm və bundan sonra da edəcəyəm. Babəklə Anarı çempionata buraxmamaq qərarını mən vermişəm və buna səlahiyyətim çatır. Əfsuslar olsun ki, belə alındı. Şəxsən mənim üçün bu ağırdır. Çünki hər ikisi həqiqətən də savadlı idi. Futbolun qanunlarını, oyun qaydalarını bilirdilər, gözəl idarə edirdilər. Təəssüf ki, bu addımı atdıqları üçün hakimlikdən kənarda qaldılar. Onların yerində doğma qardaşım da olsa, keçmərəm.

- Araşdırmanı kim aparır?
- Bunu açıqlamaq istəmirəm.

- Rüşvət məsələsi elədir ki, təkcə hakimlikdən kənarlaşdırmaqla iş bitmir. Yəni, bu hərəkətlərinə görə onlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər?
- İndi dəqiq heç nə deyə bilmərəm. Hər şey mümkündür.

- AFFA-nın Ekspert Komissiyası hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq edir...
- Bəli. Amma hər zaman hər şey ola bilər.

- Araşdırma nə vaxt başa çatacaq?
- Bu, işin gedişindən asılıdır.

- Quliyev bu il futbol, Anar Niyazov isə futzal üzrə FİFA hakimi kimi təsdiqlənib...
- Onlar beynəlxalq miqyasda da idarəçilik etməyəcəklər. Təyinat gəlsə də, getməyəcəklər.

- Deməli, beynəlxalq futbol qurumları bu hakimlərin əməlləri barədə rəsmən məlumatlandırılıb.
- Bir şey edəcəyik.

- Hakimlərlə söhbət edən klublar hansılardır?
- Bunu açıqlamaq istəmirəm.

- Hakimlər kimi, klubları da cəza gözləyirmi?
- Mən bu məsələdə komandalarda günah görmürəm.

- Rüşvəti təklif edən günahkar sayılmır?
- Baxır məsələyə. Gəlin, bu mövzunu xırdalamayaq. Özüm klubda işləmişəm və hakimliklə bağlı narazılığım da olub. Dalaşmışam da, ən böyük cəriməni də mən vermişəm. Niyə nəyinsə ucbatından hansısa klub xal itirməlidir? Niyə vəziyyət belə olmalıdır? Söhbət son turlardan yox, ümumiyyətlə bütün oyunlardan gedir. Qoy klublarda inam yaransın və görsünlər ki, biz həqiqətən də onların təmiz oyun keçirməyinə şərait yaradırıq.

- İndiyədək hakimlər ömürlük cəzalandırılsalar da, sonradan bağışlanıblar. Konkret olaraq, Babək Quliyevlə Anar Niyazov sonradan bağışlana bilərmi?
- Gələcək üçün deyə bilmərəm. Amma bu gün üçün yox. Onlar yaxın üç il ərzində hakimlik etməyəcəklər.

- Araşdırma davam etsə də, belə başa düşdük ki, məsələ böyük ölçüdə həll olunub. Sadəcə, cəzanın rəsmiləşməsi qalıb...
- Bəli. Hazırkı vəziyyət, faktlar hakimlərin əleyhinədir.

- Bu radikal qərarlardan sonra hakimliklə bağlı qıtlıq yaranmayacaq ki?
- Yetərincə hakimlərimiz var. Gənc kadrlarımız da var. Lazım olsa, indiki hakimlərimizdən bir narazılıq, çatışmazlıq görsək, xaricdən hakim çağırarıq.

- Hakimlərin qonorarı artırılıb, onlara bu qədər diqqət və qayğı var. Sizcə, niyə belə yollara gedirlər?
- Nə deyim, insandır da.

- İstənilən halda, hakimlər özlərini təmizə çıxarırlar.
- Hər kəsin öz vicdanı var.

- İndiyədək hakimlərin rüşvət alması haqda çox danışılsa da, sübutların olmamağı öz sözünü deyirdi...
- Mən vaxtilə sübut etmişdim. Sadəcə, buna qiymət verən olmadı.

- “Neftçi”də işlədiyiniz müddətdə “Olimpik”ə 1:2 hesabı ilə məğlub olduğunuz və İmanxan Sultaninin idarə etdiyi oyunu nəzərdə tutursunuz...
- Bəli. Amma bu gün əgər özümdə yetərincə məlumatım varsa, bu, mənə bəs edir. Kim necə istəyir, elə də qəbul etsin.

- Həmin vaxt hakimlərin səslərini yazan hakim Elçin Məmmədov idi. Təsadüfən bu dəfə də həmin şəxsin əli yoxdur?
- Yox. Onun bu işdən heç bir xəbəri yoxdur.

- Mövsüm sona yaxınlaşdıqca mübarizə qızışacaq. Bundan sonra işlərinizi hansı istiqamətdə quracaqsınız? Məlum olaydan sonra hakimlər üzərində nəzarət daha da güclənəcəkmi?
- Əlbəttə. Bu məsələlərlə bağlı Hakimlər Komitəsinin Xaqani Məmmədovla söhbətim olub. Yenə işimizi davam etdirəcəyik. Belə çətin vaxtda hakimliklə bağlı problem olmamalıdır. Xərc çəkilib Azərbaycana bu qədər legioner gətirilir. Nəyə görə klub rəhbərləri bu qədər maliyyə vəsaiti sərf etsinlər və narazılıq etsinlər? Bu, olmamalıdır. Hər hansı hakimdən nəsə eşitsək, onun da dalınca gedəcəyik.

- Yəni, bundan sonra da sizə hakimlərin belə hərəkətləri ilə bağlı siqnallar daxil ola bilər...
- Olsa, gedəcəyik.
0