“Gede “Neftçi”yə layiq məşqçi deyildi”
11.03.2009 - 17:00
“Gede “Neftçi”yə layiq məşqçi deyildi”
“Hans-Yurgen Gedenin istefaya göndərilməsi mənim üçün gözlənilməz olmadı. Belə də olmalı idi”. Bunu apasport.az saytına Bakının “Neftçi” klubunun sabiq vitse-prezidenti Ramin Musayev deyib.

Bu postda dörd il çalışan Musayev ötən yay Peşəkar Futbol Liqasının prezidenti seçilib. Son illərdə tez-tez baş məşqçisi dəyişən “Neftçi” yaxınlarda Hans-Yurgen Gedeni istefaya göndərdi. Musayev alman mütəxəssislə bağlı belə qərar çıxarılmasını gözləyirmiş: “Komandanın oyunu, çıxarılanlar, gələnlər göstərirdi ki, Gede “Neftçi”yə layiq məşqçi deyildi. “Neftçi” necə komanda olduğunu Zaqatalada “Simurq”la oyunda göstərdi. Futbolçular baş məşqçisiz də oynaya, qalib gələ bildiklərini sübut etdilər. “Neftçi”nin adı elə məşqçi deməkdir. Komandanın adı, tarixi hər bir futbolçuya cavabdehlik daşıtdırır. Sadəcə, onlara mane olan deməli, baş məşqçi imiş. “Neftçi” sübut etdi ki, adı, tarixi var. İnşallah, komandada yaxşılığa doğru dəyişiklərin olacağına inanıram”.

Qeyd edək ki, Gede “Neftçi”ni yarım il çalışdırıb və onun dövründə komanda turnir cədvəlində 10-cu pilləyə düşmüşdü.
0