Böyükağa Ağayev: Belə bir vaxtda “Neftçi”də işləmək çətindir
11.03.2009 - 18:09
Böyükağa Ağayev: Belə bir vaxtda “Neftçi”də işləmək çətindir
“Komandaya baş məşqçi təyin ediləcəyimi gözləmirdim. Sadəcə, neçə vaxtdır bu klubda işləyirəm, kollektivin içində idim. Rəhbərliklə söhbətimiz oldu və məni baş məşqçi təyin etmək məqsədəuyğun sayıldı. Bu etimada görə onlara minnətdaram”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun yeni baş məşqçisi Böyükağa Ağayev deyib.

Son vaxtlar uğursuz çıxış edən flaqman rəhbərliyi 62 yaşlı mütəxəssislə bir illik müqavilə imzalayıb. İstefaya göndərilən Hans-Yurgen Gedeni mövsümün sonuna qədər əvəzləyəcək Ağayev Zaqatalada “Simurq” üzərində qazandığı qələbə (2:0) sayəsində etimadı doğrultdu: “Rəhbərlik mənə inanıb və mən də əlimdən gələni edəcəyəm. Fərqi yoxdur, baş məşqçi mən oldum, yaxud başqası. Əsas odur ki, komandanı hazırkı çətin vəziyyətdən çıxaraq, onu dirçəldək. Əlbəttə, belə vaxtda işləmək çətindir və mən üzərimə düşən məsuliyyəti başa düşürəm. Çalışmalıyıq ki, “Neftçi” öz oyununu tapsın, qələbə ruhu olsun. Bütün bunlar olandan sonra nəticə də olacaq. Gede artıq komandanın baş məşqçisi deyil. Onun arxasınca danışmaq istəmirəm”.

Bütün diqqəti ölkə kubokuna yönəltdiklərini bildirən Ağayev çempionatda vəziyyətlərinin heç də yaxşı olmadığını başa düşür: “Qitə miqyaslı turnirə çıxmaq üçün yeganə ümidimiz ölkə kubokunadır. 1/4 finalda rəqibimiz keçmiş komandam, 2006-cı ildə ölkə kubokunu qazandırdığım “Qarabağ”dır. Həmin üç illə müqayisədə bu komandada böyük dəyişiklər baş verib. Mənim vaxtımdakı heyətdən yalnız kapitan Aslan Kərimovla Azər Məmmədov qalıb. “Qarabağ” pis komanda deyil, yaxşı oyun nümayiş etdirir. Problem ondadır ki, artıq ilk matç oynanılıb və səfərdə 0:1 hesabı ilə uduzmuşuq. Baş məşqçi kimi, komandanı cavab görüşünə çıxarmağım çətinlik yaradır. Hər halda, hesab edirəm ki, kubokda hər bir iştirakçının mərhələ adlamaq şansı var”.

Əcnəbi müdafiəçilər - irlandiyalı Co Kendriklə avstraliyalı Con Tamburası “Neftçi-2”yə göndərən Ağayev qərarını belə açıqlayıb: “Bu müdafiəçilər son vaxtlar zəif oynadıqları üçün onları əvəzedici komandaya göndərdik. Tamburasla Kendrikin əsas komandaya qayıdışı hazırlıq səviyyələrindən asılı olacaq. Başqa futbolçularla da bağlı belə addım atıb-atmayacağımız indidən bəlli deyil. Bunu işin gedişatı göstərəcək. Futbolçuların əhval-ruhiyyəsinin yüksəltməyə, onlarda özlərinə inam yaratmağa çalışacağam”.

Qeyd edək ki, İrlandiya çempionu “Droqheda” klubunda bir yerdə oynamış Kendriklə Tamburas Gedenin qış fasiləsində transferləri olub.
0