Kamran Ağayev Rusiya yığmasına qarşı oynamaya bilər
13.03.2009 - 19:04
Kamran Ağayev Rusiya yığmasına qarşı oynamaya bilər
Azərbaycan yığmasının əsas qapıçısı Kamran Ağayevin martın 28-də Rusiyaya qarşı oynayacağı sual altındadır. Apasport.az saytının məlumatına görə, Almaniyanın Münhen şəhərində müalicəsini başa vuraraq vətənə dönən 23 yaşlı futbolçu hələ məşqlərə qatıla bilmir. Onun çıxış etdiyi “Xəzər-Lənkəran”ın təcrübəli həkimi Boris Xetaqurov bildirib ki, Ağayevin daha on gün dincəlməyə ehtiyacı var.

Artıq bir aydır oynamayan Kamran Premyer Liqanın XV turunda “Turan”la səfər oyunundan (0:1) öncə belində ağrılar hiss edib və həmin vaxtdan meydana çıxmır. Düzdür, Ağayev milli komandamızın bu ayın əvvəlində Almaniyanın Frankfurt şəhərində keçirdiyi 4 günlük təlim-məşq toplanışına qatılaraq, məşqlərə başlasa da, yenidən problemlə üzləşib. Qapıçının zədəsini təzələdiyi üçün yenidən müalicəyə ehtiyac yaranıb. Moskvadakı rəsmi matça iki həftə qalması və Kamranın həm zədəli olması, həm də oyun praktikası sarıdan ciddi korluq çəkməsi onun həmin görüşdə iştirak etmək şansını lap azaldır.
0