İlqar Qurbanovun yığmadan kənarlaşdırılmasının əsl səbəbi bilindi
25.03.2009 - 12:50
İlqar Qurbanovun yığmadan kənarlaşdırılmasının əsl səbəbi bilindi
Berti Foqts Azərbaycan milli komandasından kənarlaşdırdığı İlqar Qurbanovun qidalanmasından narazı qalıb. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis Türkiyənin “Boluspor” klubunda çıxış edən 23 yaşlı futbolçunun Bakıdakı təlim-məşq toplanışı zamanı hamburger yediyinin şahidi olub.

Futbolçuların peşəkarlıq, hazırlıq səviyyəsinin artması üçün hər bir komponentə xüsusi diqqət yetirən Foqts Qurbanovun hərəkətlərindən təngə gəlib: “Makdonals”da hamburger yeməklə nahar edən futbolçu nəyimə lazımdır? Qoy İlqar öz şousunu Türkiyədə göstərsin”.

Qurbanovun qeyri-peşəkarlığından narazı olan, hətta 63 yaşında ondan yaxşı qaçdığını deyən Foqtsla futbolçu arasında problem hələ ötən Bakıdakı 4 günlük təlim-məşq toplanışı zamanı yaranıbmış. Belə ki, məşqdə qaçmaqla o qədər arası olmayan Qurbanov yığmanın hazırlığında 1000 metr məsafəyə qaçmaqdan imtina edib. Bütün milli üzvləri etməli olduğu halda, İlqar bundan boyun qaçırıb və özbaşına məşqi tərk edib.
0