Arşavin: Azərbaycana uduzsaq, mükafat almağa gəlməyə də bilərəm
25.03.2009 - 13:00
Arşavin: Azərbaycana uduzsaq, mükafat almağa gəlməyə də bilərəm
“Oyun zamanı stadionunda azarkeş nə qədər çoxdursa, bir o qədər yaxşıdır. Ancaq əgər qarşıdakı matçda çoxlu azərbaycanlıların gəlişi gözlənilirsə, onda mən yalnız rusiyalı azarkeşləri də bu addımı atmağa çağıra bilərəm. Azarkeşlərimizi Azərbaycanla oyuna gəlib, bunu ev matçı etməsini istəyirəm. Ümid edirəm ki, onlar da öz yığmalarını dəstəkləməyə hazırdırlar”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının aparıcı futbolçusu Andrey Arşavin deyib.

Martın 28-də Moskvada “Lujniki” stadionunda Azərbaycan yığmasına qarşı oynayacaq 27 yaşlı yarımmüdafiəçi bundan sonra təmtəraqlı mərasimin iştirakçısı olacaq. Belə ki, Arşavinə ötən ilin MDB və Baltikyanı ölkələrin ən yaxşı futbolçusu kimi mükafat təqdim olunacaq. Ardıcıl ikinci dəfə buna sahib çıxacaq Andrey milli komandamızla görüşdən qələbə ilə ayrılmaq istəyir: “Əlbəttə, təqdimetmə mərasimində əhval-ruhiyyəmə Azərbaycanla oyunun nəticəsi böyük təsir edəcək. Əgər uduzsaq, mərasimə gəlməyə də bilərəm. Ümid edirəm ki, vəziyyət bu həddə gəlib çıxmayacaq. İstənilən halda, əhval-ruhiyyə yalnız qələbə qazananda yaxşı olacaq. Yaşım artdıqca onu yaxşı başa düşürəm ki, oyunun gedişi hamını yalnız 90 dəqiqə həyəcanlandırır, nəticə isə həmişəlik qalır. Məni qarşıdakı oyunda istənilən hesablı qələbə qane edəcək. Fərqi yoxdur, bu, minimal, yoxsa 5:0 hesablıdır”.

Bu ildən Londonun “Arsenal” klubunda çıxış edən Arşavin Azərbaycanla oyunu Almaniya ilə görüşə bərabər saymır. Onun sözlərinə görə, hər bir rəqiblə oyuna eyni dərəcədə köklənmə qeyri-mümkündür: “Zəiflərlə oyuna hazırlığın vəziyyəti güclülərlə görüşlə müqayisə olunmamağı normaldır. Müxtəlif rəqiblər eyni emosiya oyada bilməzlər. Əsas oynamaq istəyimizdir. Bir də Allah eləməsin ki, bizi arxayınçılıq hissi bürüsün. Fikirləşməyək ki, onsuz da şənbə Azərbaycana, çərşənbə günü Lixtenşteynə qollar vuracağıq. Nəticəyə köklənmə olmalıdır. Həm də onu başa düşməliyik ki, rəqib bizə üç xalı elə-belə verməyəcək. Əgər nəticəni tam təmin etsək, onda bir az ərköyünlük edib, azarkeşlər üçün oynaya bilərik. Buna qədər isə bir qram arxayınlaşmaq olmaz”.

Andrey yığmamızla evdə görüşməyi böyük üstünlük sayır: “Öz meydanımızda çıxış etmək həmişə emosiyanı artırır. Əsas odur ki, oyun alınsın. Bu zaman hamı baş verənləri razılıqla qarşılayacaq və futbol rəqibdən asılı olmayaraq sevinc bəxş edir. Düzünə qalsa, hər oyuna yalnız məqsədlə çıxıram – qələbə qazanmaq. Komandama qarşı konkret kimin oynayacağı rol oynamır”.
0