Babək Quliyev: Dindirilmə zamanı rüşvət almağımdan söhbət belə getmədi - MÜSAHİBƏ
03.04.2009 - 16:45
Babək Quliyev: Dindirilmə zamanı rüşvət almağımdan söhbət belə getmədi -  MÜSAHİBƏ
Hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyevin apasport.az saytına müsahibəsi

- Az öncə AFFA-nın Ekspert və Apelyasiya Komitəsi məsələnizə baxmalı idi. Nəticə nə oldu?
- Məni bu qurumun toplantısına dəvət etmişdilər. Komitənin sədri Muxtar Babayevin iştirakı ilə iclas keçirildi. Qurumun 6 nəfər üzvü arasında hüquq-mühafizə orqanlarının, prokurorluğun nümayəndələri, habelə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edirdi. Məni dindirdilər və dedilər ki, bir-iki günə qərar çıxarılacaq.

- Siz rüşvət məsələsində ittiham olunurdunuz...
- Rüşvətdən söhbət belə getmədi. Sadəcə, Hakimlərin Nizam-İntizam Məcəlləsi ilə bağlı hansısa maddəni pozmuşam.

- Konkret hansını?
- Bunu bilmirəm. Sual verdilər, mən də onları cavablandırdım. Rüşvət almaqda günahlandırılmıramsa, bu, artıq müsbət haldır.

- Yəni, klublar rəsmiləri ilə telefon danışıqları, bu kimi şeylər ortaya qoyulmadı?
- Nə telefon danışığı, nə də diktofon, kaset oldu. Bunlar hamısı boş-boş şeylər idi. Əvvəldən də demişdim ki, günahım yox idi. Bugünkü toplantıdan sonra haqqımda ədalətli qərar çıxarılacağına ümidim artdı. Qoy qərar çıxarılsın, bundan sonra daha ətraflı danışacağam.

- AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, digər futbol qurumlarının rəhbərləri iştirak edirdi?
- Görmədim. Bu, hamısının iştirakı ilə keçirilən görüş deyildi. Ora bir-bir çağırırdılar.

- AFFA-nın Hakimlər Komitəsinin sədri sizinlə bərabər futzal üzrə FİFA referisi Anar Niyazovu da hakimlikdən kənarlaşdırılıb. O da Ekspert və Apelyasiya Komitəsinin toplantısına çağırılmışdı?
- Yox. Çünki bu quruma mən şikayət məktubu ilə müraciət etmişdim və mənim məsələmə baxdılar.
0