AFFA Mahir Şükürovu cəzalandırdı
07.04.2009 - 12:46
AFFA Mahir Şükürovu cəzalandırdı
AFFA “Olimpik” klubunun futbolçusu Mahir Şükürovu cəzalandırıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, milli komandamızın da üzvü olan 27 yaşlı müdafiəçi AFFA-nın İntizam Komitəsinin bu gün keçirdiyi iclasında iki oyunluq cəzalanıb və 2000 manat cərimələnib.

Azərbaycan Premyer Liqasının son turunda “Bakı” ilə görüşün 19-cu dəqiqəsində baş hakim Zöhrab Qədiyev Mahirə rəqib futbolçu Ernad Skuliçə qarşı kobud hərəkətinə görə sarı vərəqə göstərib. Lakin matçın videoyazısında futbolçunun rəqibini bilərəkdən vurduğu müəyyənləşib. Nəticədə İntizam Komitəsi hakimin futbolçuya göstərdiyi sarı vərəqəni ləğv edib və qırmızı vərəqə ilə əvəzləyib. Bununla da, Şükürov aprelin 12-də “Qəbələ” ilə səfər, ayın 18-də isə “Simurq”la ev oyununu buraxacaq.

Mahir “Bakı” ilə görüşdə “Fair play” qaydalarını pozmaqda günahlandırılsa da, buna görə cəza nəzərdə tutulmur.

Bundan başqa, Hakimlər Komitəsi oyunu idarə edən hakimlər haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməlidir. Bu isə o deməkdir ki, Zöhrab Qədiyev də cəzadan qaça bilməyəcək.
0