Yunis Hüseynov: İstefa vermək haqqında düşünürəm
07.04.2009 - 15:00
Yunis Hüseynov: İstefa vermək haqqında düşünürəm
“Mətbuatın özümə qarşı diqqətini hiss edir və belə çətin gündə mənə dəstək olduğuna görə minnətdaram. Ancaq əhval-ruhiyyəm hələ də yaxşı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Cari mövsümdə mükafatlar uğrunda mübarizə aparan yevlaxlılar ikinci dövrədə uğursuz çıxış edərək, turnir cədvəlində 9-cu pilləyə eniblər. Mövsümün ikinci yarısında keçirilən 7 oyunun heç birində “Karvan” qələbə qazana bilməyib. Belə vəziyyətin əsas səbəbi maliyyə problemi olsa da, Hüseynov hələ də bunun dərinliyinə varmaq istəmir: “Komandamızın belə uğursuz çıxışı mənə çox pis təsir edib. Hələ də özümə gələ bilmirəm. Bilmirəm ki, bu “qara zolaq”dan necə çıxmaq olar. Uğursuzluğa son qoymağa çalışsaq da, heç cür buna nail olmuruq. Açığı, istefa vermək haqda da düşünürəm. Yaxın vaxtlarda klub rəhbərliyi ilə söhbət edəcəyəm. Bundan sonra gələcək taleyimizə aydınlıq gələcək”.

Qeyd edək ki, Hüseynov bu ilin yayında 5 yaşı tamam olacaq “Karvan”ın ilk baş məşqçisi kimi tarixə düşüb. 44 yaşlı mütəxəssis 4 il yarımdır çalışdırdığı komandaya həm Azərbaycan çempionatının gümüş, həm də bürünc medalını qazandırıb, həmçinin ölkə kubokunun finalında iştirak edib. Azərbaycan klubları UEFA kubokunda cəmi bir dəfə - 2006-cı ildə mərhələ adlayıb ki, bu da Hüseynovun çalışdırdığı “Karvan”ın sayəsində mümkün olub.
0