“Mübariz Mənsimov məndən yardım istəyir”
12.05.2009 - 16:37
“Mübariz Mənsimov məndən yardım istəyir”
Türkiyənin “Trabzonspor” klubunun sabiq baş məşqçisi Yılmaz Vuralın apasport.az saytına eksklüziv müsahibəsi

- “Xəzər-Lənkəran”dan təklif aldığınızla bağlı yayılan xəbərlərə münasibətinizi öyrənmək istərdik.
- Təklif deyəndə ki, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla çox yaxın dostuq. Onunla mütəmadi danışır, yardımçı olmağa çalışırıq.

- Mübariz Mənsimov konkret baş məşqçi postunu sizə təklif edibmi?
- Vallah, bu haqda heç bir bilgim yoxdur. “Xəzər-Lənkəran”ın bir matçı var. Bəlkə həmin oyunla əlaqədar Azərbaycana səfərə gələcəyəm və bu görüşü seyr edəcəyəm. Amma səfərin baş tutacağı hələ dəqiq deyil.

- “Xəzər-Lənkəran”ın Premyer Liqanın son turunda Lənkəranda “Simurq”la oyunu var. Yəqin ki, siz həmin oyunu nəzərdə tutursunuz...
- Deyəsən, həmin görüş bu həftəsonudur, eləmi?

- Bəli. Bu oyunu izləməyə gələcəksinizmi?
- Bəlkə gəldim.

- Ola bilərmi ki, Azərbaycana Mübariz Mənsimovla birgə səfər edəsiniz?
- Mübariz bəylə ara-sıra gəlib-gedirik.

- “Xəzər-Lənkəran”ı çalışdırmaq təklifi alsanız, bunu qəbul edərsinizmi?
- İnşallah, inşallah. Niyə də olmasın?

- Bu komandanın oyununu görmüsünüzmü? Klubun çıxışı haqda məlumatınız varmı?
- Yox. Mən “Xəzər-Lənkəran”ı seyr etməmişəm, bununla bağlı məlumatım yoxdur.

- Bəs Mübariz Mənsimovla nə haqda danışmısınız?
- Ümumi məsələlər barədə. Mübariz bəy bizim canımız, dostumuzdur. Sıx-sıx əlaqədə olduğumuz adamdır. O, “Xəzər-Lənkəran”ın uğur qazanmasını istəyir. Türk məşqçi, futbolçularla bağlı məndən məlumat, yardım istəyir. Dolayısı ilə bu mövzuda ona yardım göstərirəm.

- Mövsümün sonunda Türkiyədən baş məşqçi gətirilməsi məsələsini müzakirə etmisinizmi? Ümumiyyətlə, Mənsimov bunu istəyirmi?
- Onların yaxşı rus baş məşqçiləri var və ondan da məmnundurlar.

- Azərbaycan milli komandasından necə, dəvət almısınızmı?
- Bu, bir neçə il əvvəl olmuşdu. Ancaq indi belə şey yoxdur. Məncə, indi yığmanızın baş məşqçisi var. Əslində bu, rəsmi təklif deyildi. Sadəcə, Azərbaycandan məni arayıb, çalışıb-çalışmadığımı soruşmuşdular. Həmin vaxt yığmanızın başında Klaus Topmöller idi, yoxsa...?

- Topmöller Gürcüstan milli komandasının baş məşqçisi olub. Onun həmyerlisi Berti Foqts hazırda yığmamızı çalışdırır. Bu alman mütəxəssisə qədər milli komandamızın sükanı arxasındakı əcnəbilər braziliyalı Karlos Alberto Torres və makedoniyalı Qyoko Hacıyevski idi. Siz hansını nəzərdə tutursunuz?
- Deyəsən, braziliyalının vaxtı idi. Bu, çoxdan olduğu üçün konkret müddəti xatırlamıram. Azərbaycan futbolunu çox yaxından izləyirik. Təbii ki, Mübariz Mənsimovun vasitəsi ilə. Bildiyiniz kimi, o da futbolu çox sevir. Lənkəran onun məmləkətidir. Komandasının yaxşı olmasını, UEFA kubokuna qatılmasını, uğurlar qazanmasını istəyir. Eyni zamanda Azərbaycan futbolunun təşkilatçılıq işlərinin yaxşı qurulması, Avropa futbolunun tələblərinə uyğun olması bəhrəsini verir. Mübariz bəy də bu mövzuda bizdən yardım istəyir. Biz də ona bu köməkliyi göstərməyə çalışırıq.

- Cari mövsümün ilk dövrəsində “Kocaelispor” klubunu çalışdırmısınız. Həmin vaxt rəhbərliyiniz altında oynayan Əhməd Dursun qış fasiləsində “Xəzər-Lənkəran”a transfer olundu. Onunla bu komanda haqda danışmısınızmı?
- Əhmədin “Xəzər-Lənkəran”da oynadığını bilsəm də, onu yaxından izləmək imkanım yoxdur. Mübariz bəy Əhmədin komandasında olmasından məmnundur. Növbəti mövsümdə də əməkdaşlığı davam etdirəcəklər.

- “Xəzər-Lənkəran”ın baş məşqçi postunu iki dəfə həmyerliniz Rasim Kara tutub. Həmkarınızla komanda haqda fikir mübadiləsi aparmısınızmı?
- Rasim Kara mənim yaxşı dostumdur, onunla görüşürük. O, uzun müddət Azərbaycanda, “Xəzər-Lənkəran”da çalışıb. Təcrübəli mütəxəssis kimi Azərbaycan futboluna öz töhfəsini verməyə çalışdı. Bildiyiniz kimi, Kara “Xəzər-Lənkəran”da stadionun qurulmasından təşkilatçılığa qədər çox önəmli işlər gördü. Amma təbii ki, futbolda nəticə çox önəmlidir.

- Siz gedəndən sonra milli komandamızın kapitanı Rəşad Sadıqov “Kocaelispor”a keçdi. Onun Türkiyədə oyununu izləyirsinizmi?
- Rəşad pis oynamır.

- Sizcə, Sadıqov Türkiyə Superliqasında daha iddialı klublarda oynaya bilərmi?
- Rəşad Superliqada çıxış etdiyi üçün hər bir klubda oynaya bilər.

- Hazırda hansı klublardan, ölkələrdən dəvət almısınız?
- Yeni mövsümlə bağlı təkliflər var. İnşallah, bunu dəyərləndirəcəyik. Hansı mənə uyğundursa, onu da qəbul edəcəyəm.

- Azərbaycan variantına üstünlük verəcəyiniz mümkündürmü?
- Ola bilər. Niyə də olmasın? Azərbaycan futboluna uğurlar arzulayıram. Oradakılara, həmyerlilərimə, tanışlarıma salamlarımı çatdırıram.
0