“Onunla münasibətim pis deyil, nə olub ki?” - MÜSAHİBƏ
14.05.2009 - 23:09
“Onunla münasibətim pis deyil, nə olub ki?” - MÜSAHİBƏ
Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın son turunda “Qarabağ”la ev oyununa hazırlığınız necə gedir?
- Normal qaydada. Hazırda Yevlaxdayıq və mövsümün sonuncu matçına ciddi hazırlaşırıq.

- Rəqibinizdən fərqli, “Karvan” üçün bu görüşdə nəticə önəmli deyil. Belə olan halda, sizi “Qarabağ”la görüşdə nə motivasiya edir?
- Bu matça digərləri kimi, hazırlaşırıq və qələbə qazanmaq istəyirik.

- Komandanız cari mövsümü uğursuz keçirdi. Yəqin ki, qapını möhkəm çırpmaq istəyirsiniz?
- Elədir. İnşallah, mövsümü qələbə ilə başa vurmaq niyyətindəyik.

- Yevlaxda keçiriləcək həmin görüş “Qarabağ” və “Xəzər-Lənkəran” üçün böyük əhəmiyyət kəsb edir. Çünki avrokuboklara düşmək uğrunda mübarizə aparan hər iki komanda üçün bu oyunda nəticə vacibdir...
- Məni nə “Xəzər-Lənkəran” maraqlandırır, nə də “Qarabağ”. Öz komandam haqda düşünürəm, vəssalam, qurtardı getdi. “Qarabağ”la “Xəzər-Lənkəran” medal qazanacaq, ya yox, bu, onların işidir.

- Hər halda, həmin klubların baş məşqçiləri sizə yaxşı tanışdır. “Xəzər-Lənkəran”ın çalışdırıcısı İqor Ponomaryovla SSRİ dövründə “Neftçi”də komanda yoldaşı olmusunuz. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla isə milli çempionatda “Neftçi”də, habelə yığmada bir yerdə oynamısınız. İndi həmkarlarınızın taleyi sizdən asılıdır. Belə vəziyyətdə özünüzü necə hiss edirsiniz?
- Bilirsiniz, heç vaxt istəmərəm ki, kiminsə taleyi kimdənsə asılı olsun. Bu futboldur, udan udacaq, uduzan da uduzacaq. Mövsümü qələbə ilə başa vurmaq arzusundayıq, vəssalam. Nə olsun ki, İqor Ponomaryov və Qurban Qurbanovla birgə oynamışam? Bunlar tamam başqa şeylərdir.

- İkinci dövrənin əvvəlində “Xəzər-Lənkəran”la səfər oyunu ərəfəsində Ponomaryov haqda fikirlərinizdə 1988-ci ildə SSRİ yığmasının heyətində Seul Olimpiadasına onun yox, sizin getməli olduğunuzu söyləmişdiniz. Deyəsən, olimpiya çempionu olan Ponomaryovla münasibətləriniz soyuqdur...
- Bu, SSRİ dönəmində qaldı.

- Amma münasibət indi də var. Bunu nəzərdə tuturuq...
- Ponomaryovla münasibətim yaxşıdır, normaldır, pis deyil. Nə olub ki?

- Futbolda stimullaşdırma normal qəbul olunur. “Xəzər-Lənkəran” da “Qarabağ”ın Yevlaxda xal itirməsini arzulayır. Lənkəranlıların yaxşı maliyyə imkanları var və “Karvan”ı stimullaşdıra bilər. Buna necə baxırsınız?
- Dediyiniz stimullaşdırma bizə lazım deyil. Bizə öz oyunumuz lazımdır. Stimullaşdırma ilə bağlı elə bir şey də yoxdur.

- Stimullaşdırma ilə bağlı müxtəlif söhbətlər yayılıb. Deyilənlərə görə, “Xəzər-Lənkəran” “Karvan”a “Qarabağ”ı büdrətmək üçün 150 min dollar verməyə hazırdır...
- Bunlar hamısı boş-boş sözlərdir. Mənə inanırsınız?

- Pul elə şeydir ki, stimullaşdırma olsa belə, bunu etiraf etməzsiniz, gizlədərsiniz...
- Deyirəm ki, Allah haqqı, atamın goru haqqı elə şeylər yoxdur.

- Əslində, stimullaşdırma normal bir şeydir. Ancaq nədənsə çoxları bunu qıcıq kimi qəbul edir...
- Stimullaşdırma normaldır. Amma belə bir şey yoxdur axı.

- Amma komandanızın maddi vəziyyəti heç də yaxşı deyil. Məgər “Karvan”ın pula ehtiyacı yoxdur?
- İndi gərək məhz pula görə oynayaq? Futbolçu meydana çıxanda pula görə yox, öz ad-sanına görə oynamalıdır. Pul ikinci dərəcəlidir.

- Turnir cədvəlində 10-cu yerdəsiniz. Özünüzün və komandanızın gələcəyi haqda nə düşünürsünüz?
- Gələcəklə bağlı hələ heç nə bilmirəm. Cari mövsümün sonunda da müqaviləm bitir. “Karvan”da bundan sonra necə olacaq, bu, artıq gələcəyin işidir. İndidən bunu dəqiq deyə bilmərəm.

- Siz baş məşqçi kimi debüt ilində nəticə, elə “Karvan”la medal qazanmısınız. Bəs indi belə bir iddiasız komandada qalmaq sərf edirmi?
- Qalıb-qalmayacağıma sonra baxarıq. Qoy, çempionat qurtarsın.

- Klub rəhbərliyi ilə söhbətiniz olacaq?
- Yəqin ki.

- Rəhbərliklə indiyədək söhbətləriniz olub. Onlar “Karvan”ın gələcəyi haqda nə düşünürlər?
- Deyilənə görə, yaxşı komanda olacaq. Belə deyirlər... Amma indidən dəqiq heç nə söyləyə bilmərəm.

- Bir müddət əvvəl adınız müxtəlif klublarda hallanırdı. Gah dedilər “Xəzər-Lənkəran”ın, gah da dedilər “Neftçi”nin baş məşqçi postuna gəlirsiniz...
- Mənim adım bütün komandalarda hallanır. Amma nəticədə heç nə olmur.

- Niyə?
- Nə bilim? Allah bilən məsləhətdir.

- Bəlkə artıq əyalətdə çalışmaqdan yorulub, Bakıda çalışmaq istəyirsiniz?
- Çempionat mayın 17-də bitir. Bundan sonra, iyunun əvvəlində nəsə bir şey məlum ola bilər. Hələ vaxta çox var.

- Belə demək olar ki, “Karvan”da qalmaq şansınız azdır?
- İndidən bu haqda bir şey deyə bilmərəm. Çempionat qurtarsın, baxaq görək necə olacaq.

- Çalışdırdığınız klubun iddialı olması önəmlidir, yoxsa maddi vəziyyəti?
- Təbii ki, iddialı olması.

- Bir müddət çalışdırdığınız Bakının “Standard” klubu yeni mövsüm üçün baş məşqçi axtarır...
- Ümumiyyətlə, hansısa klubun mənə təklif göndərməsi ilə bağlı hələ bir şey yoxdur. İnşallah, çempionat qurtarandan sonra nəsə olsa, biləcəksiniz.

- Yeri gəlmişkən, Azərbaycandan kənarda da tanışlarınız var. Bəlkə xaricdə işləyəsiniz?
- Dəvət etsələr, məmnuniyyətlə gedərəm (gülür). Dəvət yoxdur axı.

- Sizcə, niyə məşqçilərimizə kənardan dəvət gəlmir?
- Nə bilim? Yəqin ki, yaxşı menecerlərimiz, bizi tanıtdıran, reklam edən yoxdur.