Türam: Azərbaycandakı vəziyyətdən xəbərim yoxdur
13.07.2009 - 10:20
Türam: Azərbaycandakı vəziyyətdən xəbərim yoxdur
“İrqçiliyə Qarşı Yönəlmiş Təhsil- Lilian Türam” Fondunun prezidenti, tanınmış futbolçu Lilian Türamın APA-nın Avropa bürosuna müsahibəsi

- Siz dünyada tanınmış futbolçulardan olmusunuz. Futbol karyeranızı bitirdikdən sonra aktiv şəkildə irqçiliyə qarşı mübarizə kampaniyasına başlamağınızın səbəbi nədir?
- Bunun tarixi mənim uşaqlığıma gedib çıxır. Bu, mənim yaşadığım həyatdan irəli gəlir, bu həyat 9 yaşında Parisin əyalətinə gəlmiş və dərisinin rənginin hamı tərəfindən qəbul olunmadığını anlayan bir uşağın tarixçəsidir. O zamandan mən artıq bəzi fikirlərlə yaşamağa məcbur oldum və hər zaman bu irqçiliyin haradan gəldiyi ilə də maraqlandım. Bu məsələ ilə bağlı tarixi kitablar da oxuyurdum. Anladım ki, irqçilik problemi bəzi insanlar arasında meydana çıxan anlaşılmazlıqdan qaynaqlanır. Yəni bəzi insanlar özlərini digərlərindən üstün tuturlar. Yəni bu heç də qaradərili insanlarla bağlı problem deyil. Məsələn ola bilsin ki, azərbaycanlılar da Avropada, Fransa, İtaliya, İspaniya və yaxud Rusiya kimi ölkələrdə belə problemlərlə üzləşirlər və irqçiliyə məruz qalırlar. Əminəm ki, bu gün bəzi insanlar arasında olan bu kimi problemlər ilk öncə onlar arasında olan anlaşılmazlıqdan irəli gəlir. Buna görə də cəmiyyətə verdiyim mesaj belədir - bizimlə birgə yaşamaq hüququ olan digər insanlara, qadın və kişilərə başqa gözlə baxmamalıyıq. Birgə yaşamağı öyrənməli, bunun üçün ifrat milli, dini və irqi baxışlardan azad olmalıyıq. Bunun o qədər də asan olmadığını bilirəm və hesab edirəm ki, bu işə məktəblərdən başlamaq lazımdır.

- Rəhbərlik etdiyiniz fond irqçiliklə mübarizə sahəsində işini necə qurur?
- Hesab edirəm ki, dünyada yeganə irq var, bu da sadəcə insan irqidir. Bu bir şüar deyil, bir reallıqdır. İnsanlar deyirlər ki, bir çox irqlər var, amma əslində bizim hamımızın kökü bir nöqtədən gəlir. Bizim hamımızı birləşdirən cəhətlər, fərqləndirən cəhətlərdən çoxdur, insanlar bu reallığı qəbul etməlidir. İnsanlar arasında fiziki fərqlilik var, əgər fiziki fərqlilik iqlim dəyişməsi nəticəsində baş veribsə, digər fərqlilik mədəniyyətlərimizdədir. Məsələn, siz azərbaycanlılar, təbii ki fransızlardan mədəniyyət baxımından çox fərqlisiniz, amma bioloji olaraq eyni insanlarıq. Ona görə də insanlıq bu konsepsiyaya daha çox diqqət yetirməlidir. Bu konsepsiya bizləri bir-birimizə çox yaxınlaşdırır, bir-birimizə hörmətlə yanaşmağı, birgə yaşamağı öyrədir. Hər kəs anlamalıdır ki, qloballaşan dünyamız getdikcə kiçilir və bu kiçik dünyada birgə yaşamağı öyrənməliyik.
Bizim təşkilatımız beynəlxalq təşkilatdır, ancaq indiki məqamda əsasən Fransada çalışırıq və İspaniyada bir özəyimiz var. Bununla belə digər ölkələrdə də irqçilik problemləri ilə yaxından maraqlanırıq. Təəssüflə qeyd etməliyəm ki, irqçilik problemi bu və ya digər formada bütün ölkələrdə mövcuddur. Azərbaycandakı vəziyyətdən xəbərim yoxdur, lakin ümumi olaraq deyə bilərəm ki, hər bir ölkə bu problemi aradan qaldırmaq üçün öz tarixinə nəzərə salmalıdır. Çünki biz insanlar bir-birimizdən nə üstün, nə də aşağıyıq, biz eyni və bərabərik.

- Parlaq idman karyeranızdan sonra ictimai işlərlə məşğul olmaq darıxdırıcı deyil ki?
- Mən hələlik ciddi siyasi karyera ilə məşğul olmuram. Sadəcə bir neçə məsələ var ki, mənim təbiətimə yaxın olduğu üçün bu işlərlə məşğul olmağa dəyərdi. Çünki bunlar cəmiyyəti dəyişdirəcək və bəzi problemlərə dair yeni düşüncə tərzi yarada biləcək məsələlərdir. Hesab edirəm ki, hal-hazırda yaşadığım həyat daha zəngin və rəngarəngdir.
0