“Turan” “Ayaks” kimi futbolçu ixrac edən klub olmalıdır” - MÜSAHİBƏ
22.08.2009 - 00:01
“Turan” “Ayaks” kimi futbolçu ixrac edən klub olmalıdır” - MÜSAHİBƏ
Yenidən “Turan”a qayıdan sabiq FİFA referisi Tahir Süleymanov komandada icraçı direktor vəzifəsində çalışır. Tovuz futbolu ilə bağlı geniş planları olan Süleymanov əsas komandanı dirçəltməklə yanaşı, uşaq futboluna da böyük diqqət göstərəcəklərini deyir.

- Artıq ikinci dəfədir “Turan”da çalışırsınız. Sizi bu komandaya bağlayan nədir?
- Tovuz Azərbaycan futbolunda öz dəst-xətti olan bölgələrdən biridir. Həm sovetlər, həm də müstəqillik dövründə burada həmişə futbol olub. Tovuz futbolunun 100 illik tarixi var. Bu 1 əsr ərzində Azərbaycan futboluna onlarla dəyərli futbolçular bəxş edilib. Sevindirici haldır ki, bu proses bu gün də davam etdirilir. Mənim “Turan”a qarşı olan mövqeyim məlumdur. Bunu birmənalı şəkildə bildirmişəm. Tovuz, Gəncə, Sumqayıt və Mingəçevir futbol məktəbləri olmadan, Azərbaycan futbolunu istədiyimiz səviyyəyə çatdırmağımız çətin olar. Son illər rayon rəhbərliyinin qayğısı sayəsində komanda Premyer Liqadakı yerini qoruya bildi. Siz də yaxşı bilirsiniz ki, müasir futbol böyük sərmayə tələb edir. Bu gün “Turan”a İdarə Heyəti tərəfindən hər bir şərait yaradılıb. Bir çox tovuzlu iş adamları klubu yaşatmaq üçün öz güclərini səfərbər ediblər. Onlar Tovuz futbolunun dirçəldilməsi yönündə önəmli işlər görürlər. Fürsətdən istifadə edib onların hər birinə öz təşəkkürümü bildirirəm. Bu işlərdə “Turan”a mənəvi, hərtərəfli dəstək olan AFFA rəhbərliyinə, şəxsən Rövnəq Abdullayevə, PFL prezidenti Ramin Musayevə öz minnətdarlığımı bildirirəm. Qərbdə futbolun itib-batmaması üçün onların gördüyü işləri tək biz yox, bütün Tovuz bilir və alqışlayır.

- Maraqlıdır, komandaya konkret neçə nəfər sponsorluq edir?
- Bu, o qədər də əhəmiyyətli deyil. Əsas məsələ odur ki, “Turan” fəaliyyətini davam etdirir. Komandaya sponsorluq edənlərin sayı çoxdur. “Turan” öz oyununu göstərdikcə, o insanların sayı daha da artacaq. Onların məqsədi hər hansı bir reklam deyil. Tovuzda infrastrukturun yenidən qurulması baxımından da ciddi işlər görülür. Hazırda stadionda təmir-bərpa işləri davam edir. Eyni zamanda Qaraxanlı kəndinin meydançasında əsaslı tikinti işləri aparılır. Paltardəyişmə, eləcə də hakimlər otağı tikilir. Qaraxanlı stadionunu əvəzedici və digər yaş qrupları üzrə komandalarımızın bazası kimi görmək istəyirik. Hazırda əsas komanda da məşqlərini orada davam etdirir. 20-25 səhifəlik təkliflər paketi hazırlayıb İdarə Heyətinə təqdim etmişəm. Layihəyə infrastrukturun, əsas komandanın və eyni zamanda uşaq futbolunun əsaslı şəkildə inkişafı ilə bağlı təkliflər daxildir. İdarə Heyəti layihəmi bəyənib, qəbul ediblər. Rayondakı və kəndlərdəki istedadlı uşaqları toplayıb “Turan”ın nəzdində U-11, U-13, U-15, U-17 komandaları yaradacağıq.

- “Turan” İdarə Heyəti tərəfindən idarə olunacaq?
- Artıq İdarə Heyəti yaradılıb. Heyətinin hər bir üzvü tam səlahiyyət sahibidir. Bizim klubda bütün məsələlər müzakirə olunaraq həll edilir. İndiyədək prezident olmayıb, bundan sonra da nəzərdə tutulmayıb.

- Sirr deyilsə, İdarə Heyətində neçə nəfər yer alıb? Onların adlarını çəkə bilərsinizmi?
- O insanlar komandaya ona görə yardım etməyiblər ki, reklam olsunlar. Bu insanlar “Turan”ın sabahı naminə gecə-gündüz çalışırlar. Əsas məqsədimiz odur ki, Tovuz futbolunun əvvəlki nüfuzunu geri qaytaraq, yenidən futbolçular yetişdirək. Bu gün digər klublarımızda 3-5 tovuzlu futbolçu oynayırsa, gələcəkdə bu say daha da çoxalmalıdır. “Turan” “Ayaks” kimi futbolçu ixrac edən klub olmalıdır. İnanıram ki, indi gördüyümüz işlərin bəhrəsini yaxın 2-3 ildə görəcəyik.

- Əgər komanda uğursuz çıxış edərsə, sponsorların mövqelərində dəyişikliklər ola bilərmi?
- Əvvəlcə, deyim ki, “Turan”ın zəif çıxış etmək fikri yoxdur. Hətta sponsorsuz vaxtlarında belə komanda meydanda öz sözünü deyib. “Turan” Futbol Klubu bir markadır. İndi bəzi klublarımız qısa bir müddətdə legionerlərin hesabına müvəqqəti uğurlar əldə edirlər. Şəxsən mən o uğurları nəticə hesab etmirəm. Uğur, bayaq da dediyim kimi, kompleks şəkildə görülən işlərin bəhrəsini almaqdır. Yaxın gələcəkdə biz “Turan”ın 90-95 faiz heyətini yerli futbolçulardan təşkil edəcəyik. Bax, mənim üçün əsl uğur bu olar. Bir mövsümdə çempion olmaq və ya ikinci yeri tutmaq uğur deyil. Azərbaycanda nə vaxta qədər ancaq sponsorun cibinə baxılmalıdır? Sponsor bundan artıq nə etməlidir? Futbol adamları düşünməlidir ki, sponsorların qoyduqları vəsaitlərin ən azından müəyyən hissəsini geri qaytarmaq lazımdır. Məhz buna görə də klublarımız davamlı inkişaf etmirlər. Çünki bir şəxsdən asılı olurlar. Əgər layihəmiz həyata keçərsə, gələcəkdə “Turan” büdcəsinin minimum 50 faizini öz hesabına təmin edəcək.

- “Turan” üçün yeni layihə hazırladığınızı dediniz. Bu layihə neçə ilə öz bəhrəsini verə bilər?
- Tovuzda həmişə futbol olub. Özlərinə bəraət qazandırmaq istəyən mütəxəssislərimiz futbolumuzun inkişafı üçün 10-15 il vaxt lazım olduğunu deyirlər. Bu fikirlə razı deyiləm. Təxminən 1-2 ildən sonra bu layihə öz bəhrəsini verəcək. Çünki Tovuzda istedadlı uşaqlar çoxdur. Əgər başqa klubda, başqa bölgədə çalışsaydım, tam qətiyyətlə bu sözləri deməzdim. Misal üçün, Qəbələni götürək. Orada futbol yeni formalaşır. Türkiyədən mütəxəssislər cəlb ediblər. Qısa bir müddətdə orada futbolçu yetişəcəyini gözləmək düzgün olmaz. Çünki onlara bir qədər vaxt lazımdır. Amma Azərbaycan futbolunun beşiklərindən hesab olunan Tovuzda bunu qısa bir müddətdə eləmək mümkündür. Əsas məsələ sistemin düzgün qurulmasıdır. O sistem möhkəm təməllər üzərinə qurularsa, bizim layihəmiz öz bəhrəsini verməyə başlayacaq.

- Belə çıxır ki, “Turan”ı dirçəltməklə yanaşı, əsas gücü uşaq futbolunun inkişafına sərf edəcəksiniz...
- Avropanın bir neçə klubuna nəzər yetirək. “Ayaks”, “Arsenal”, “Real”, “Qalatasaray” və s. komandalar dünya səviyyəli futbolçular transfer etməklə yanaşı, öz yetirmələrinə də şans verirlər. Futbolun inkişafı o demək deyil ki, 11 legioner gətirib nəticə əldə edəsən. Bəzən nəticə də əldə etmək mümkün olmur. Suala cavab olaraq onu deyə bilərəm ki, əsas komanda ilə yanaşı, infrastruktur və uşaq futbolunu bir-birindən ayırmaq olmaz. Hər hansı bir klub özünün inkişafını istəyirsə, infrastruktur qurmaqla yanaşı, uşaq futboluna diqqəti artırmalıdır. Ona görə də biz əsas komanda ilə bərabər infrastrukturun qurulması və uşaq futbolunun inkişafı üçün işlər görürük. Bu gün uşaq futboluna diqqət yetirməsək, inkişafa nail olmarıq. Yeri gəlmişkən, AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul edilən qərarlar məni çox sevindirdi. Legioner limitinin 8-ə endirilməsi doğru addımdır.

- Aşağı yaş qrupu üzrə komandalara əcnəbi mütəxəssislərin dəvət olunması gözlənilirmi?
- Yaxın gələcəkdə belə bir şey gözlənilmir. İndiyədək Tovuzda yetişən futbolçuları kim hazırlayıb? Yerli məşqçilər. Onlara inanmalıyıq. Planımızda var ki, Tovuzda işləyən məşqçiləri AFFA-nın xətti ilə təşkil olunan məşqçi kurslarına göndərək. Onların təcrübələrini artırmalarına, dünya futbolunda baş verən yenilikləri, eləcə də təlim məşq toplanışının təşkilini mənimsəmələrinə kömək edək.

Mənbə: “Futbol dünyası” qəzeti
0