Fernando Torres bukmekerləri “bankrot” etdi
26.08.2009 - 10:21
Fernando Torres bukmekerləri “bankrot” etdi
İspaniya yığmasının futbolçusu Fernando Torres bukmeker kontorlarını müflis edib. Apasport.az saytının məlumatına görə, müxtəlif pul qoyuluşları qəbul edən Böyük Britaniya kontorlarının rəhbərləri İngiltərə Premyer Liqasının son turunda ispaniyalının qol vurmamağını arzulamalı olub.

Buna bukmekerlərin Ueyn Runi, Didye Droqba, Emanuel Adebayor və Torres “dördlüy”ünün hər birinin III turda qol vurması ilə bağlı pul qoyuluşlarını qəbul etməsi səbəb olub. Onların inanmadığı bu hadisəyə əmsal kimi 20 qoyması azarkeşlərdə böyük maraq oyadıb. Və hər funta 20 funt qazanmaq istəyən 2 mindən artıq adam Torresin qol vurmasına pul qoyub.

Həftəsonu Runinin “Uiqan”a 2, Adebayorun “Vulverhempton”a və Droqbanın “Fulhem”ə vurduğu qollardan sonra bukmekerlər qorxuya düşüb. Onlar Torresin “Aston Villa” ilə görüşdə fərqlənməyəcəyinə bel bağlayıb. “Liverpul” bu oyunda uduzub. Lakin komandasının təsəlli qolunu elə Fernando vurub. İlkin hesablamalara görə, bukmekerlərə dəyən ziyan milyonlarla funt sterlinqlə ölçülür.

Qeyd edək ki, Torres iyunun 9-da Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycan milli komandasına qarşı oynayıb və 87-ci dəqiqədə qol vurub.
0