“Neftçi” klubunda nə baş verir? - YENİLƏNİB
16.09.2009 - 15:44
“Neftçi” klubunda nə baş verir? - YENİLƏNİB
Azərbaycan Premyer Liqasının IV turunda “Muğan”a uduzan “Neftçi” yeni mövzunun yaranmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, ardıcıl 2 qələbədən sonra məğlub olması “Neftçi”də baş məşqçi istefasının mümkünlüyünü gündəmə gətirib.

Konkret olaraq, flaqmanın Böyükağa Ağayevlə yollarının ayırması haqda xəbərlər yayılıb. Təcrübəli mütəxəssisin səhhəti ilə əlaqədar istefa verdiyi onu müvəqqəti – yeni baş məşqçi gələnədək Arif Əsədovun əvəzləyəcəyi bildirilir. Bütün bu xəbərlərə reaksiya verən “Neftçi” rəhbərliyi klubun rəsmi internet saytı vasitəsilə xəbəri təkzib edib.

Klubun vitse-prezidenti İlqar Quluzadə də mətbuatda yazılanlardan xəbərsiz olduğunu və onların həqiqəti əks etdirmədiyini bildirib: “Mən deyirəm ki, belə bir şey yoxdur. Ağayev komandanın baş məşqçisi olaraq qalır. Növbəti turda da komandanı meydana başqası deyil, məhz Böyükağa müəllim çıxaracaq”.

Bununla bağlı “Neftçi” rəsmi açıqlama yayıb. Bildirilir ki, “Muğan”a məğlubiyyətdən təsirlənən 62 yaşlı mütəxəssisin halı pisləşib. Bu gün özünü daha da pis hiss edən Ağayev həkim müayinəsindən keçib. Həkimlər onun səhhəti ilə bağlı sakitliyə və bir neçə günlük istirahətə ehtiyacı olduğunu bildiriblər.

Buna görə də komandanı bugünkü məşqə Ağayevin köməkçiləri – Arif Əsədovla İqor Getman çıxarıb. “Neftçi” rəhbərliyi Ağayevin vəzifəsindən azad edilməsi və onun yerinə Əsədovun təyin olunması ilə bağlı ölkə mətbuatında yayılan xəbərləri bir daha təkzib edir və bunların həqiqətəuyğun olmadığını bildirir.
0