Kamal Quliyevin “Volın”a qayıdışı niyə baş tutmadı?
16.09.2009 - 12:52
Kamal Quliyevin “Volın”a qayıdışı niyə baş tutmadı?
Azərbaycan yığmasının sabiq futbolçusu Kamal Quliyev Ukraynanın “Volın” klubuna qayıtmaq variantı olub. Bu barədə apasport.az saytına 33 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

“Təklif klubun menecerindən gəldi. Həmin şəxs məni baş məşqçi Kvartsyanıya təklif etmişdi ki, o da dəvəti məmnuniyyətlə qarşılamışdı. O mənada ki, komandanın iştirak ərizəsində artıq 3 legioner sifariş olunmuşdu. Bildiyiniz kimi, “Volın”ın çıxış etdiyi birinci liqada legionerlərə limit var. Yəni, orada 3 əcnəbi futbolçu oynaya bilər və bundan artığına icazə verilmir. “Volın”da yenidən oynamaq istədim. Əfsuslar olsun ki, bu variantda da gecikdim” – deyə Quliyev bildirib.

Az öncə Ukraynadan qayıdan futbolçu bildirib ki, orada oynamağa özündə güc hiss edir: “Ora mənim üçün sanki ikinci evim idi. Lutskda olduğum bir həftə məndə xoş təəssüratlar oyatdı. Bu müddətdə şəhəri gəzdim, özümü sanki evimdə hiss edirdim. Bir daha həmin insanların, azarkeşlərin isti münasibətini gördüm. Həm də mənə elə gəlir ki, Ukraynanın birinci dəstədə oynamaq yaxşı olardı. Onu da deyim ki, “Volın”ın qarşısına yüksək liqaya çıxmaq vəzifəsi qoyulub. İndi həmin variant bağlansa da, buna son nöqtə qoymamışam. Qışda bir daha cəhd edəcəyəm”.

Qeyd edək ki, Kamal 2002-2004-cü illərdə “Volın”ın heyətində Ukraynanın yüksək liqasında iki uğurlu mövsüm keçirib.
0