“Xəzər-Lənkəran” - “Bakı” matçı 12-ci dəqiqədən başlayacaq
16.09.2009 - 18:18
“Xəzər-Lənkəran” - “Bakı” matçı 12-ci dəqiqədən başlayacaq
Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış, bu gün isə hava şəraitinə görə baş tutmayan “Xəzər-Lənkəran” – “Bakı” oyunu 12-ci dəqiqədən davam etdiriləcək. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, bunu yarışın əsasnaməsi tələb edir: “Lənkərandakı oyun iki dəfə təxirə salındı. Görüş başlayana kimi yağış yağsa da, meydançanın vəziyyəti qənaətbəxş idi. Buna görə də matç əvvəldən təxirə salınmadı. Ancaq oyun başlayan ərəfədə güclü leysan başladı və nəticədə qazon bərbad vəziyyətə düşdü. Baş hakim oyunu 2 dəfə yarımçıq dayandırmalı oldu və komissarla birgə məsləhətləşmələr aparıldı. Görüşü davam etdirmək üçün 2 dəfə cəhd olunsa da, bu, mümkün olmadı. Qazon elə vəziyyətdə idi ki, top palçıqda qalırdı. Belə çətin şəraitdə oyunu davam etdirmək mümkün deyildi. Protokolda oyunun 11-ci dəqiqədə dayandırılması göstərilib. Deməli, qaydaya görə, görüş dayandırıldığı vaxtdan davam etdirilməlidir”.

Həsənov təxirə salınan görüşün nə vaxt keçiriləcəyini indidən deməkdə çətinlik çəkdi: “Bunu zaman göstərəcək. Təqvimi yenidən nəzərdən keçirib, bunun üçün münasib vaxt seçəcəyik. Məsələnin müzakirəsindən sonra tarix konkret açıqlanacaq”.
Oyunun başladığı vaxtdan sonra davam etdirilməsi milli çempionatlarımız tarixində çox nadir hallardan biridir.

Qeyd edək ki, bu komandaların Lənkərandakı görüşü ilk olaraq avqustun 15-də keçirilməli olsa da, “Bakı”nın Avroliqadakı çıxışı ilə əlaqədar bu günə təyin olunmuşdu.