“Neftçi”yə daha çox qol vura bilərdik” - MÜSAHİBƏ
17.09.2009 - 00:34
“Neftçi”yə daha çox qol vura bilərdik” - MÜSAHİBƏ
Cari mövsümün sürpriz komandaları sırasında “Muğan”ın adını qeyd etsək, yanılmarıq. Belə ki, ötən mövsümün autsayderi cari birinciliyin lideridir. Bundan başqa, Salyan təmsilçisi son turda “Neftçi”ni məğlub etməklə, turun sürprizini reallaşdırıb. Heyətində daha çox legionerlərə şans verən əyalət klubunun bu uğurunda yerli futbolçuların da əməyi az deyil. Belə futbolçulardan biri də Arif İsayevdir. Flaqmanla matçın qəhrəmanlarından olan yarımmüdafiəçi “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə məqsədinin yığmanın formasını geyinmək olduğunu bildirib.

- Başlayaq “Neftçi” ilə oyundan...
- Ətraflı danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Əlbəttə, qələbə qazandığımıza görə çox şadıq. “Neftçi ilə matça qədər keçirdiyimiz 2 oyundan 4 xal qazanmışdıq. Flaqmanla qarşılaşmada bu nəticələrin təsadüf olmadığını sübut etdik. Düzdür, əksər azarkeşlər “Neftçi”yə məğlub olacağımızı düşünürdü. Ancaq bacardığımızı ortaya qoyduq və inamlı qələbə qazandıq. Oyuna ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etməyimiz qələbə qazanmağımıza gətirib çıxardı. Baş məşqçinin verdiyi tapşırıqları da maksimum dərəcədə yerinə yetirməyə çalışdıq.

- Ölkənin ən titullu klubunu məğlub edəcəyinizə inanırdınmı?
- Bəli, komanda olaraq meydandan qalib ayrılacağımıza əmin idik. Fikrimcə, bundan da yaxşı nəticə göstərə bilərdik. Yəni əks-hücumlar zamanı yenə qol vurmaq olardı. 2:0 hesabı bizim üçün əla nəticədir. Bu gün vacib olan 3 xalı qazanmaq idi, biz də bunu bacardıq.

- Fasilədən sonra “Muğan” bütün diqqətini qapının toxunulmazlığına yönəltdi. Bu baş məşqçinin tapşırığı idi, yoxsa futbolçular fiziki cəhətdən çatdıra bilmədilər?
- Bunu təbii qarşılamaq lazımdır. “Neftçi” kimi iddialı komandanın qapısından 2 cavabsız top keçirmisənsə, artıq müdafiəyə də diqqət yetirməlisən. Bu, futbolun yazılmamış qanunudur. Aydın məsələdir ki, biz müdafiəyə çəkildikdən sonra bütün üstünlük rəqib tərəfə keçdi.

- Oyunun gedişində bir neçə dəfə müdafiəçiləri keçərkən fint işlətdin ki, bu da azarkeşlərin alqışına səbəb oldu.
- Bu cür halla ilk dəfə deyil qarşılaşıram. Hansı komandada çıxış etmişəmsə, buna görə azarkeşlərin sevimlisinə çevrilmişəm. Yəni komandanın bir üzvü kimi meydanda bacarığımı sərgiləyirəm ki, qələbə qazanaq.

- Onlar tez-tez sənin adını səsləyirdilər. Meydanda onları eşidirdinmi?
- Təbii ki, onların səsini duymamaq mümkün deyildi. Tribunada oyunu izləmək üçün Salyandan gəlmiş azarkeşlərimiz də var idi. Dost-tanış da arenaya gəlmişdi. Onlar komandanı layiqincə dəstəklədilər. Bu da bizi ruhlandırırdı. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. İnşallah, uğurlı çıxışımızla onları sevindirməyə çalışacağıq.

- Ötən mövsüm Premyer Liqadakı yerini çətinliklə qoruyan “Muğan” cari çempionatda artıq liderliyə yüksəlib. Bu nəticə gözlənilən idi?
- Bunu heç kim gözləmirdi. Məncə, komandanın bu uğurunda məşqçi işi danılmazdır. Bu gün “Muğan” sübut etdi ki, komandada məşqçi işinin nəticəyə birbaşa təsiri var. Əlbəttə, heyətində əsasən ortabab futbolçular cəmləşən “Muğan”ın “Neftçi”ni səfərdə məğlub edəcəyini heç kim gözləmirdi. Ancaq biz buna qadir olduğumuzu nümayiş etdirdik. Bununla kifayətlənmək niyyətində deyilik. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq.

- “Muğan”ın uğura gedən yoldakı sirri nədədir?
- Meydana çıxanda bütün bacarığımızı səfərbər edirik. Ən əsası isə baş məşqçinin əməyini xüsusi olaraq qeyd etmək istəyirəm. Kemal Alispahiç qarşılaşmalardan əvvəl bizə necə oynamaq lazım gəldiyini başa salır.

- Məşqçi işi deyəndə nəyi nəzərdə tutursan?
- Taktiki gedişlərdən tutmuş oyundan qabaq futbolçulara verdiyi tapşırıqlara qədər. O, psixoloji cəhətdən komandanı yüksək səviyyədə hazırlayır. Oyunun gedişində isə səhv etməyimizə baxmayaraq, bizi sona qədər dəstəkləyir. Sözsüz, futbolçu dəstək hiss edirsə, o, oyunu maksimum dərəcədə keçirməyə çalışır. Məncə, mətbuat üçün bu qədər məlumat yetər (gülür).

- Necə düşünürsən, “Muğan” potensialını tam aça bilibmi?
- Xeyr. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Oyundan-oyuna artırırıq. Bildiyiniz kimi, mövsümlərarası fasilədə klubda köklü dəyişikliklər edilib. Komanda, demək olar, yenidən qurulub. Heyətdə yer alan futbolçuların əksəriyyəti perspektivli futbolçulardır. Rəhbərlik komandanın qarşısına konkret məqsəd qoyub - “6-lıq”a düşmək. Bəlkə də çoxları üçün bu gülməli səslənə bilər. Ancaq arxada qalan turlar göstərdi ki, komanda düzgün yoldadır. Sadəcə, heyət yeni yığıldığından bir qədər zamana ehtiyac var.

- Nədənsə, bütün komandalar “6-lıq” uğrunda mübarizə apardıqlarını deyir. “Muğan” üçün bu iddia bir qədər tez deyilmi?
- Niyə də olmasın? Əgər digər rəqiblərimiz güclənibsə, biz də boş oturmamışıq. Fasilədə rəhbərlik heyətə yeni futbolçular dəvət edib. Ötən mövsüm komandanın formasını geyinən oyunçulardan 3-4 nəfəri qalıb. Gələnlər də meydanda can qoyur.

- Sən “Simurq”dan transfer olundun. Komandaya tam uyğunlaşa bilmisənmi?
- 2 il Zaqatala təmsilçisinin düşərgəsində oldum. Birinci mövsümdə əsas heyətdə meydana çıxırdım. Ancaq ikinci mövsümdə bir qədər problemlər yarandı. Çox az oynadım. Əsasən əvəzedici komandanın heyətində meydana çıxırdım. Səbəbləri barədə ətraflı danışmaq istəmirəm. Bundan sonra “Muğan” kimi komandaya düşmək əla şans oldu. Üstəlik, belə baş məşqçinin rəhbərliyi altında çıxış etmək ancaq xeyrimə işlədi.

- “Muğan”a yayda keçsən də, komandanın vitse-kapitanı seçildin. Bu məsuliyyəti daşımağa hazırsanmı?
- Əlbəttə, hazıram. Məsuliyyəti artıq dərk etməyə başlamışıq. Yəni öyrənə-öyrənə gedirik.

- Planlarına nə vaxtsa yığma komandaya cəlb olunmaq daxildirmi?
- Bəli, bunun üçün çalışıram. İnşallah, əsas yığmanın formasını geyinmək bizə də qismət olar. Bunun üçün millinin məşqçilərinin oyunlarımızı izləməsi və bizdən razı qalması lazımdır.

- “Gənclərbirliyi”ndə daha çox pleymeyker kimi meydana çıxırdın. “Muğan”da isə yarımmüdafiənin sağ cinahında yer alırsan. Yeni mövqedə özünü necə hiss edirsən?
- Bu, baş məşqçinin seçimidir. O, cinahda oyunumun daha yaxşı alındığını deyir. Futbolçunun işi məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirməkdir.
0