Mübariz Mənsimov: Premyer Liqanın maraqlı keçəcəyini düşünürəm
17.09.2009 - 09:28
Mübariz Mənsimov: Premyer Liqanın maraqlı keçəcəyini düşünürəm
"Bakı"nın heyəti olduqca güclüdür. Deyərdim ki, bu baxımdan ən güclülər sırasındadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.

Premyer Liqanın I turundan təxirə salınan "Xəzər-Lənkəran" - "Bakı" oyununu izləmək üçün Lənkəran şəhər stadionuna təşrif buyuranlar arasında yer alan rəhbər şəxs matç başlayar-başlamaz rəqib haqda yüksək fikirdə olduğunu açıqlayıb: “Görünür ki, komanda hələ də Avrokubokların psixoloji yükündən azad ola bilməyib. Bununla belə, düşünürəm ki, "Bakı" həmişə olduğu kimi, yenə də iddialılar sırasındadır. Komandanın heyətində səviyyəli futbolçular var. Tezliklə "Bakı" öz oyununu tapacaq və ən yüksək yerlər uğrunda mübarizəyə qoşulacaq. Ümumiyyətlə, Premyer Liqanın maraqlı idman mübarizəsində keçəcəyini düşünürəm".

Qeyd edək ki, yağış üzündən 11-ci dəqiqədə dayandırılan “Xəzər-Lənkəran” – “Bakı” matçı yenidən təxirə salınıb.
0