Arşavin Azərbaycanla oyuna necə baxır?
17.09.2009 - 12:02
Arşavin Azərbaycanla oyuna necə baxır?
Rusiya yığmasının kapitanı Andrey Arşavin 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla oyunu həlledici saymır. Apasport.az saytının məlumatına görə, London “Arsenal”ının formasını geyinən hücumçu oktyabrın 14-də Bakıda keçiriləcək görüşdən 4 gün öncəki oyunu vacib hesab edir.

Futbolçunun fikrincə, onların Azərbaycanla yox, Almaniya ilə oktyabrın 10-da Moskvada keçiriləcək görüşü final oyunu olacaq: “Hərçənd, bu oyundan sonra almanların Finlandiya, bizim isə Azərbaycanla görüşlərimiz qalıb. Ancaq bununla belə, fikrimcə, Moskvadakı oyun qrupumuzda final olacaq. Rusiya yığması öz qələbələri və oyunu ilə FİFA-nın reytinqində 6-cı yeri tutmağa layiq olub. Digər tərəfdən, reytinq və turnir cədvəlində xallar – bunlar iki tam fərqli şeylərdir. Bizim Fransa və İngiltərəni qabaqlamağımız ədalətlidirmi? Niyə də yox? Axı reytinqdə bu komandalardan yuxarıda olmaq üçün pul ödəməmişik ki?! Sadəcə, nəticələrimiz indi onlardan daha yaxşıdır”.

Qeyd edək ki, milli komandamızın yer aldığı qrupun lideri olan Almaniya seçmə mərhələnin sonuna iki oyun qalmış Rusiyanı 1 xal qabaqlayır.