Qyoko Hacıyevski: ... bundan sonra nə olacağını deyə bilmərəm
17.09.2009 - 13:28
Qyoko Hacıyevski: ... bundan sonra nə olacağını deyə bilmərəm
“Lənkərana qələbə dalınca getmişdik. Əfsuslar olsun ki, güclü leysanın yağdığından görüş baş tutmadı. Amma bu, qələbə əzmimizi qırmır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Paytaxt təmsilçisinin “Xəzər-Lənkəran”la I turdan təxirə salınmış oyunu hava şəraiti ilə əlaqədar növbəti dəfə təxirə salındı. “Xəzər-Lənkəran” – “Bakı” matçı öncəsi Hacıyevskinin personası ətrafında daha çox söz-söhbət gəzirdi ki, bu da onun uğursuzluq təqdirində postunu itirilməsi ilə bağlı idi. Ancaq təcrübəli mütəxəssis belə şeylərə fikir vermədiyini gizlətmir: “Mən futbol haqda düşünürəm. Təbii ki, bir baş məşqçi kimi komandanın uğurlu çıxışını istəyirəm və buna nail olmaq üçün əlimdən gələni edirəm. Bunun üçün konsentrasiya olmağım lazımdır. Əsas diqqətimi “Bakı”nın növbəti uğurlarına yönəltmişəm. Axı hər dəfə qələbə qazanmayacağımız halda, bundan sonra nə olacağını deyə bilmərəm”.

Komandasının çıxışı ilə bağlı narahatçılığa ciddi əsas görməyən Hacıyevski fikrini belə əsaslandırıb: “Yaddan çıxartmaq lazım deyil ki, cəmi bir görüş keçirmişik. Bizim üçün çempionat hələ yeni başlayıb. Sözsüz ki, ilk turda evdə qələbə qazanmaq istəyirdik. Ancaq “Simurq”la həmin oyunda bəxtimiz də gətirmədi, top bir neçə dəfə qapı dirəyinə dəydi. Bir də ki futbolda xal itkiləri labüddür. Götürək elə əsas rəqiblərimizi. “Neftçi” gözlənilmədən evdə “Muğan”a uduzdu. “Xəzər-Lənkəran”la “İnter” son turda öz meydanlarında heç-heçə etməklə xal itirdilər. Özü də onlar bizdən çox oyun keçiriblər. Deməli, itirilən xallara görə onlardan geri qalmırıq. Turnir cədvəlində sondan əvvəlki pillədə olmağımız isə dediyim kimi, bir oyun keçirməyimizlə bağlıdır”.

Növbəti turda “Şəfa” stadionunda “Olimpik-Şüvəlan” klubunun qonağı olacaq “Bakı”nın 54 yaşlı çalışdırıcısı cari çempionatda ilk qələbəni qazanmaq iddiasındadır: “Biz son Azərbaycan çempionuyuq. Heyətimizə görə də ən yaxşılardanıq. “Xəzər-Lənkəran”la oyun öncəsi yüksək əhval-ruhiyyəmiz qalmaqdadır. Hesab edirəm ki, Lənkəran təmsilçisi kimi, “Olimpik-Şüvəlan” da ciddi rəqibdir. Bu güclü komanda üzərində qələbə qazanmağa çıxacağıq. Heyətimizdə olan itkilər də yoluna düşür. Mahmud Qurbanov, Vadim Borets də sağalır. Əsas qol ümidlərimizdən olan braziliyalı hücumçu Feliks Felipe Almeydanın zədə problemi yoxdur”.