Ağasəlim Mircavadov: Məşqçi karyeramda belə şey görməmişdim
17.09.2009 - 16:41
Ağasəlim Mircavadov: Məşqçi karyeramda belə şey görməmişdim
“Bakı” ilə oyun zamanı Lənkəranda dəhşətli yağış yağırdı. Mən xeyli vaxtdır belə şey görməmişdim. Elə bil adamın başına vedrə ilə su tökürdülər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Premyer Liqanın I turundan təxirə salınmış “Xəzər-Lənkəran” – “Bakı” matçı güclü leysana görə baş tutmayaraq, artıq 11-ci dəqiqədə dayandırılıb. Mircavadov məşqçilik həyatında belə bir vəziyyətlə üzləşmədiyini bildirib: “Karyeramda nə belə yağışla üzləşmişəm, nə də oyunumun təxirə salınıb. Belə bir leysanı 1968-ci ildə görmüşdüm. Bu, mənə 2 görüşü xatırlatdı. 1974-cü ildə Almaniyada keçirilən dünya çempionatında Polşa yığmasının meydan sahiblərinə uduzduğu oyun zamanı meydan suyun içində idi. Yadımdadır, bunu aradan qaldırmaq üçün fasiləni uzatdılar. Bir neçə il əvvəl isə “Sevilya” ilə “Barselona” arasında İspaniya çempionatı qarşılaşmasında yağışa görə belə vəziyyət yaranmışdı. Nə deyim, qurban olduğumuz Allahın işidir. 1 saatdan çox güclü leysan oldu. Oyundan sonra bir müddət gözləməli olduq, bütün gecəni yağış davam etdi. Su çəkiləndən sonra isə meydan palçıq idi. Top qazonda getmirdi, heç 1 metr ötürmə vermək olmurdu. Futbolçular suyun içində vuruşurdular. Belə oyunu vaterpol da saymaq olmaz. Vaterpolda heç olmasa bilirsən ki, suyun içində oynayırsan”.

Hava şəraitinin belə dəyişikliyi Mircavadovun gələcək oyunlarla bağlı qayğılandırır. 62 yaşlı mütəxəssis meydançalarımızın vəziyyətindən narahatdır: “Maraqlısı odur ki, oyunlarımız olacaq noyabrda, dekabrda havalar kəskinləşəcəyi zamanı vəziyyət necə olacaq? Belə gedişlə həmin vaxt palçığın içində oynamalı olacağıq. Onsuz da meydançalarımız istidə də yararlı olmur. Noyabr, dekabrda yağış, soyuq, qar – hər şey bir-birinə qarışacaq. Bir sözlə, çox acınacaqlı vəziyyət yaranacaq və belə şəraitdə futbol oynamaq olmayacaq”.

Mircavadov növbəti turda “Qəbələ” ilə səfər oyununda da meydan amili ilə bağlı çətinliklə üzləşə bilər: “Məlum məsələdir, bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Hazırda Mingəçevirə yollanırıq və oyuna son hazırlığı orada keçəcəyik. “Qəbələ” ilə səfər oyunları həmişə ağır olur. Qalib gəlmək istəyiriksə, oynamaq lazımdır. Futbolçularla görüş öncəsi bununla bağlı söhbətləşmişik”.

Qeyd edək ki, “Qəbələ”nin stadionunda yenidənqurma işləri getdiyi üçün cari mövsümdə rəqiblərini Mingəçevirdə qəbul edir.
0