Yunis Hüseynov “Muğan” klubunun uğur qazanmasının sirrini açıqladı
18.09.2009 - 16:14
Yunis Hüseynov “Muğan” klubunun uğur qazanmasının sirrini açıqladı
“Muğan”la oyuna ciddi hazırlaşırıq. Bu komandanın liderliyini təsadüfi saymıram. Hazırda 1-ci yerdədirsə, deməli, zəif deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Premyer Liqanın növbəti turunda sentyabrın 20-də “Muğan”ın qonağı olacaq “Karvan” lideri məğlub etmək iddiasındadır. Hüseynovun fikrincə, , mövsümün əvvəlində gözlənilməz nəticələr məntiqəuyğundur: “Bilirsiniz, çempionat yeni başlayıb. Hələ mübarizə qabaqladır. “Muğan”ın cari mövsümdə hər 3 oyunu alınıb. Mən bu görüşləri izləmişəm və deyə bilərəm ki, yaxşı komandadır”.

44 yaşlı çalışdırıcı “Muğan”ın uğurlu çıxışının səbəbini özü üçün müəyyənləşdirib: “Futbolda mübarizlikdən, psixoloji hazırlıqdan çox şey asılıdır. “Muğan”ın oyunçuları meydanda vuruşurlar. Fikir vermişəm, bu komandanın futbolçuları meydanda çox həvəsli oynayırlar. Futbolçu hər görüşə yüksək əhval-ruhiyyədə, qələbə əzmi ilə çıxmalıdır. Görünür, “Muğan”ın baş məşqçisi onları qələbəyə yaxşı kökləyir. Bunun da nəticəsində salyanlı futbolçular meydanda çox həvəsli görünürlər və nəticə qazanırlar”.

“Muğan” Premyer Liqanın vahid lideri olmaqla yanaşı, həm də qol buraxmayan yeganə komandadır. Rəqibinə ilk qol vurmağa iddialı Hüseynovun komandası ona yaxşı tanış olan Ruslan Qafitullinin başçılıq etdiyi müdafiə xəttini üstələməlidir: “Qafitullin pis futbolçu deyil ki, onun başçılıq etdiyi müdafiənin qol buraxmamağı mənə gözlənilməsin. Əksinə, Ruslan yaxşı müdafiəçi sayıram. “Karvan”da, “Standard”da rəhbərliyim altında oynayıb, potensialını bilirəm. Sadəcə, futbolçunun hər komandada çıxışı eyni olmur. Bu, alınıb-alınmamaqdan asılıdır. “Muğan” indiyədək top buraxmayıbsa, deməli, onun qapısına necə olursa-olsun, yol tapmalıyıq. Salyana qələbə dalınca yollanacağıq”.
0