“Məqsədimiz İspaniya futbolçularını arxada qoymaqdır” - MÜSAHİBƏ
18.09.2009 - 16:49
“Məqsədimiz İspaniya futbolçularını arxada qoymaqdır” - MÜSAHİBƏ
Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi Şamil Heydərov AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Avropa çempionatının Bakıda keçiriləcək seçmə oyunları ərəfəsində komandanın hazırlığı, həmçinin İspaniya, Ukrayna və Kiprlə mübarizədəki şanslarını dəyərləndirib.

- Avropa çempionatının seçmə oyunlarına hazırlıqla baglı məlumat verməyinizi istərdik...
- Əvvəlcədən hazırlıq planını tərtib etmişdik. Rəsmi oyunlara da bu plan əsasında hazırlaşdıq. Uşaqlar gündə 2 dəfə məşq edirdilər. Həftəlik proqram başa çatdıqdan sonra futbolçulara 1 gün istirahət verirdik. Oyuna 1 həftə qalmış isə gündəlik məşqlərin sayını 1-ə endirdik. Bunu da etməkdə məqsədimiz qızların fiziki cəhətdən bərpa olunmasına nail olmaq idi. Təbii ki, gündəlik məşqlərlə yanaşı, yoldaşlıq oyunlarında da gücümüzü sınayırdıq. Sumqayıtda veteranlarla qarşılaşdıq ki, bu komandanın heyətində Kamal Quliyev, Aqil Məmmədov kimi karyeralarını davam etdirən oyunçular da yer almışdılar. Digər oyunlarda isə oğlanlardan ibarət komandalarla qarşılaşdıq. Fikrimcə, rəqib nə qədər güclü və ya zəif olsa da, qadın komandaları ilə qarşılaşmaq daha münasib olardı. Təəssüf ki, bizdə qadın komandaları yoxdur. Hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışında da olduq. Orada keçirdiyimiz yoldaşlıq oyunlarının bizə faydası çox oldu.

- Sabah rəsmi oyunlara start veriləcək. Komandada əhval-ruhiyyə necədir?
- Qızlar başa düşür ki, oyunların Bakıda keçirilməsi onların məsuliyyətini ikiqat artırıb. Məşqdə futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Əhval-ruhiyyə də pis deyil. Bir sözlə, oyunlara hazırıq.

- Hazırlıq prosesində əsasən fiziki və taktiki planda çalışmalara üstünlük verdiyinizi qeyd etdiniz. Bəs psixoloji hazırlıqla bağlı nə deyə bilərsiniz?
- Sözsüz, hazırlıq zamanı birinci məşqimizdə topsuz, axşam çalışmasında isə topla məşqlərə üstünlük verirdik. Ancaq psixoloji hazırlığı da yaddan çıxarmamışıq.

- Ötən il birinci mərhələni lider kimi başa vuran U-19-la indiki heyət arasında çoxmu dəyişiklik edilib?
- Heyətdə ciddi dəyişiklik yoxdur. Komandanın əsasını saxlamışıq. Ancaq baş məşqçi kimi heyəti bir qədər də gücləndirmək istərdim.

- Sizi narahat edən əsas problemlər hansılardır?
- Hücum xəttini bir qədər də gücləndirsək, yaxşı olardı. Bizə, yaradılan imkanlardan maksimum dərəcədə istifadə edə biləcək futbolçu lazım idi. Bununla hazırkı heyətimizin zəif olduğunu demək istəmirəm. Yaxşı hazırlıq keçmişik, heyətimiz də normaldır. İnşallah, uğurlu çıxış etməklə azarkeşlərimizi yenə sevindirməyə çalışacağıq.

- Bu heyətlə hansı nəticəyə ümid etmək olar?
- Məqsədimiz birinci yer uğrunda mübarizə aparmaqdır. Minimum ikinci mərhələyə yüksəlməyə çalışacağıq. Bununla bağlı futbolçularla dəfələrlə söhbətimiz olub. Onlara inanırıq.

- Futbolçuların özlərində buna inam varmı?
- Əlbəttə, inam olmasa, heç meydana çıxmağa dəyməz. Biz gücümüzə inanırıq.

- Rəqiblər barədə hansı informasiyaya sahibsiniz?
- Müəyyən məlumatlar toplamışıq. İspaniya yığması əsasən qısa ötürmələrə və texnikalı oyuna üstünlük verir. Heyətlərində yer alan hər bir futbolçu istənilən vaxt oyunu üzərinə götürə biləcək gücdədir.

- Ukraynanın oyun sistemi bizə yad deyil...
- Onlar fiziki cəhətdən fərqlənirlər. Güc futboluna üstünlük verirlər.

- Ukrayna yığmasının baş məşqçisi Aleksandr Masalski qrupun favoriti kimi İspaniyanın adını açıqlayıb. Bəs siz necə düşünürsünzü?
- Yalnız oyunlardan sonra deyə bilərəm ki, qrupun favoriti kimdir.

- Zədə üzündən meydana çıxmayacaq futbolçu varmı?
- Xeyr, zədəli futbolçumuz yoxdur.

- Yığmanın bir neçə üzvü Litvanın “Gintra Universitetas” klubunun heyətində Çempionlar Liqasının ilkin qrup mərhələsində çıxış etdilər. Bu oyunların onlara xeyri olubmu?
- Onlar komandaya qayıtdıqda hazırlıq baxımından bir qədər geriləmişdilər. Ancaq indi formalarını tam bərpa ediblər. Komandanın lideri olan Anna Atayeva isə hər zaman meydana çıxmağa hazırdır. Oyun təcrübəsi baxımından, təbii ki, rəsmi matçların futbolçularımıza xeyri dəydi.
0