Demyanenko: “Neftçi”nin prezidenti mənə zəng etmişdi - MÜSAHİBƏ
18.09.2009 - 18:17
Demyanenko: “Neftçi”nin prezidenti mənə zəng etmişdi - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenkonun apasport.az saytına müsahibəsi

- Artıq xeyli vaxtdır işsiz qalmısınız. Bu, nə ilə bağlıdır?
- Bir neçə təklif alsam da, bunları qəbul etmədim. Çünki həmin klubların hədəfləri böyük deyildi. Mən isə qarşısında ciddi məqsədlər qoyan komandalarda işləmək istəyirəm.

- Bu təkliflər Ukraynadan, yoxsa xaricdən idi?
- Hər ikisindən.

- Nə üçün sizin kimi tanınmış mütəxəssisə Ukraynada iddialı komanda tapılmır?
- Sadəcə, həmin komandaların baş məşqçiləri var, işləyirlər. Mən məqsədi, qarşısına müəyyən vəzifə qoyan komandalarda çalışmaq istəyirəm. Beləsindən isə hələ təklif almamışam.

- Bir ildən çox işsiz qalmaq hər mənada çətindir...
- Doğrudur. Ancaq bunda qorxulu heç nə yoxdur.

- İşsiz qalmaq maddi baxımdan da problem yaradır...
- Onsuz da hər yerdə çətindir. İndi hər yerdə böhrandır.

- Ailəni dolandırmaq, yaşamaq üçün pul qazanmaq lazımdır. İşsiz qaldığınız müddətdə bu problemləri necə həll edirsiniz?
- Nə etmək olar? Yaşayırıq.

- Azərbaycandan sizinlə əlaqə saxlayan olurmu?
- Olur. Futbolçular mənə zəng edirlər.

- Konkret kimlər?
- Bunlar “Neftçi”də rəhbərliyim atlında oynayan Georgi Adamiya, Dmitri Kruqlov, Oleq Gerasimyukdur.

- Yeri gəlmişkən, həmyerliniz Gerasimyuku “Neftçi”yə siz gətirmişdiniz. Bu futbolçu qışda “Neftçi” ilə icarəsi müqaviləsi bitəndən sonra səs-sorağı gəlmir...
- Bildiyimə görə, Gerasimyuk yenidən Kiyev “Dinamo”sunun ikinci komandasında oynayır.

- Onunla nə haqda söhbətləşirsiniz?
- Ümumi şeylər. Onlar işlərimin necə getməsi maraqlanırlar. Mənə görə narahatdırlar. Bunu eşitmək mənim üçün xoşdur.

- Bəs azərbaycanlı futbolçular sizə zəng edirmi?
- Azərbaycanlı futbolçulardan? Məşqçiləriniz mənə zəng vurmuşdu.

- Kim?
- Elbrus Məmmədov. O, “Neftçi”də mənimlə birgə çalışırdı. Bu komandada digər köməkçim İqor Getman da əlaqə saxlayıb. Klub prezidenti də mənə zəng vurmuşdu.

- Əkbər Hacıyevi nəzərdə tutursunuz?
- Bəli. Əlbəttə ki, onunla yaxşı münasibətlərim var. Tez-tez zəngləşirik.

- Hacıyev sonuncu dəfə sizə nə vaxt zəng edib?
- Təxminən ay yarım öncə.

- “Neftçi”də işlədiyiniz müddətdə Hacıyevi Kiyevə aparıb, “Dinamo”nun prezidenti İqor Surkislə görüşdürdünüz. Növbəti belə səfər, əməkdaşlıq ola bilərmi?
- “Neftçi”də çalışdığım müddətdə bunu reallaşdırdım. Hacıyevi Surkislə tanış etdim, Kiyevdə görüşüb söhbətləşdik. Gələcəkdə məndən nə asılı olsa, kömək etməyə hazıram. Hər halda, “Neftçi”nin prezidenti ilə əlaqəni kəsməmişəm.

- Yenidən Azərbaycan çalışmaq variantınız olubmu?
- Yox.

- İstərdinizmi?
- (gülür) Niyə belə sual verirsiniz?

- Çünki sual vermək jurnalistin işidir...
- Təklif olanda baxarıq. İndi bu haqda danışmaq mənasızdır. Nə vaxt təklif olar, onda da götür-qoy edib, fikrimizi bildirərik.

- Yenidən “Neftçi”nin baş məşqçisi olmaq istərdinizmi?
- Gəlin, yalnız gələcək haqda danışaq.

- Sabiq komandanızın cari çempionatda çıxışını izləyirsinizmi?
- İmkan daxilində. Azərbaycan futbolu haqda müəyyən məlumatlarım var. Həmyerlim Valentin Xodukinin “İnter”in baş məşqçi postundan gedişindən xəbərdaram. Bilirəm ki, “Neftçi” çempionatda uğurlu start götürüb, lider olub.

- Amma indi lider “Neftçi”nin son turda uduzduğu “Muğan” klubudur. Həmin oyundan sonra vaxtilə “Neftçi”də köməkçiniz olan Böyükağa Ağayevin səhhətində problem yarandığı üçün komandanın məşqlərindən kənarda qalıb...
- Bundan xəbərim yoxdur. Ağayevə şəfa diləyirəm.

- İndi “Neftçi”ni Ağayevin köməkçiləri Arif Əsədovla İqor Getman çalışdırır...
- Aydındır. Getman köməkçim olub. Əsədovu da tanıyıram. “Neftçi”də işlədiyim vaxtda əvəzedici komandamızın baş məşqçisi olub. “Neftçi”yə uğurlar arzulayıram.
0