“Əvvəllər məndə “Neftçi” klubuna qarşı simpatiya olub, indi isə...” – MÜSAHİBƏ
19.09.2009 - 11:29
“Əvvəllər məndə “Neftçi” klubuna qarşı simpatiya olub, indi isə...” – MÜSAHİBƏ
Hərdən Premyer Liqanın oyunlarını birbaşa stadiondan seyr edənlər arasında elələrinə rast gəlirsən ki, onların futbol matçlarını izləməsi bir az adama maraqlı gəlir. Bu sırada siyasətçilərdən tutmuş, şou-biznes nümayəndələri, eləcə də idmanın digər növləri ilə məşğul olan tanınmışlar da var. Tahir Baxşıyev sonunculardandır. Basketbol yığmamızın kapitanı son vaxtlar futbola yaman dadanıb. Onu xüsusilə "Qarabağ"ın ətrafında daha çox görmək olar. Baxşıyev bir neçə gün öncə Tovuzda keçirilən "Turan" - "Qarabağ" görüşünü izləyənlər arasında olub. Stadiondan Ağdam təmsilçisini dəstəkləyib. Basketbolçu ilə söhbətdə məhz bu məqama toxunduq.

- Tahir, "Qarabağ"ın səfər oyunlarını tez-tez izləyirsən?
- Bu ildən başlamışam ağdamlıların səfər matçlarını izləməyə. Bildiyiniz kimi, bu, "Qarabağ"ın mövsümdə 2-ci oyunu idi. Bundan əvvəl Quzanlıda oynamışdılar. Onda da komanda ilə birlikdə idim. İndi də Tovuzdakı görüşdə izlədim. Və bura gəldiyimə görə peşman olmadım.

- Oyun haqda nə deyə bilərsən?
- "Qarabağ" avrokuboklarda ölkəmizi layiqincə təmsil edəndən sonra bütün diqqətini daxili çempionata yönəldib. Komanda məqsədinə doğru irəliləməkdədi. Qurban Qurbanovun yetirmələrinin Quzanlıdakı qələbədən sonra Tovuzda da 3 xal qazanması hamını razı saldı. O cümlədən də məni. Klubun azarkeşi olduğumdan təbii ki, qələbəyə görə çox sevinirəm. Belə uğurlardan sonra adam daha da fərəhlənib, hər oyuna baxmaq istəyir. Komanda ilə birgə olmaq ürəyimcədi.

- Demək "Qarabağ"ın qarşıdakı səfər matçlarını da seyr etməyi düşünürsən?
- Bəli, düz başa düşdünüz. İmkan daxilində komandanın səfər matçlarına gedib azarkeşlik edəcəyəm. Bir "Qarabağ"sevər kimi bunu özümə borc bilirəm.

- Arada bir futbolu yox, basketbolu seçdiyinə görə təəssüflənmirsən ki?
- Yox, hərənin daha çox sevdiyi, könül verib seçdiyi idman növü var. Mən də basketbola ürək vermişəm. Buna görə qətiyyən təəssüflənmirəm. Basketbolu seçdiyim üçün təkcə bu idman növü ilə nəfəs almaq məcburiyyətində deyiləm. Düşünürəm ki, hər bir idmançı yalnız məşğul olduğu növlə yox, həm də digərləri ilə də yaxından maraqlanmalıdı. Eləcə də mən. Futbola da maraq göstərirəm, ancaq basketboldan fərqli, yaxşı oynaya bilmirəm.

- Komandada yəqin çoxlu dostların var, xüsusilə də Rəşad Sadıqovla yaxınsan.
- Rəşadla çoxdan bir-birimizi tanıyırıq. Əla münasibətlərimiz var. Həmçinin "Qarabağ"ın digər futbolçuları ilə əlaqələrim yaxşıdır. Bir kluba ki bağladın, mütləq həmin kollektivin üzvləri ilə yaxınlaşmalısan. Rəşada gəlincə, o yalnız dostum yox, həm də komanda yoldaşım olub. Birlikdə basketbol oynamışıq. Sadıqov basketbol üzrə ölkə çempionudur. Demək istəyirəm ki, futbolda olduğu kimi, basketbolda da özünü təsdiqləyib.

- Rəşadın oynamaması səni üzməyə bilməz.
- Əlbəttə, onun kimi futbolçunun yaşıl meydanlardan kənarda qalması həm mənə, həm də şərəfini qoruduğu klubun oyununa təsir edir. Rəşad indi zədəli olduğundan top qova bilmir. Amma qarşıdakı matçlarda oynaya biləcək. Və bu amil "Qarabağ"ın daha da güclənməsinə yardımçı olacaq. Çünki hamı Sadıqovun necə futbolçu olduğuna yaxşı bələddir.

- Bu mövsüm üçün "Qarabağ" haqda nə düşünürsən?
- Proqnoz verməyi xoşlamıram. Bu, mənlik deyil. Ancaq komandama inanıram. Ağdam təmsilçisi çempionatda yüksək yerlər uğrunda vuruşur və sonda istəyinə nail ola biləcək. "Qarabağ" həqiqətən də güclü futbolçulardan qurulub. Onların yaxşı oyun sistemi, əzmkarlığı, qələbə istəyi var. Bu isə başqa idman növlərində olduğu kimi, futbolda da vacib amillərdəndi. İnşallah, "Qarabağ" avrokuboklara vəsiqəni qazanıb bizləri gələn il də, yayda olduğu kimi sevindirər.

- Bəs "Qarabağ"dan başqa kimə azarkeşlik edirsən?
- "Qarabağ"dan başqa... (bir qədər fikirləşir) İndi heç kimə.

- "Neftçi"yə də yox?
- Əvvəllər məndə həmişə bu komandaya qarşı simpatiya olub. Bəlkə də indi də hardasa bir az simpatiya qalıb. Digərlərinə baxanda, "Neftçi"yə marağım var.

Mənbə: "Futbol+" qəzeti
0