Aleksandr Səmədov milli komandamıza qarşı oynayacaq?
19.09.2009 - 11:55
Aleksandr Səmədov milli komandamıza qarşı oynayacaq?
Rusiyanın “Moskva” klubunun baş məşqçisi Miodraq Bojoviç azərbaycanlı futbolçu Aleksandr Səmədovu milli komandada oynamağa hazır sayır. Apasport.az saytının məlumatına görə, serb mütəxəssis rəhbərliyi altında çıxış edən 26 yaşlı soydaşımızı Rusiya yığmasının sükanı arxasında olan holland həmkarı Qus Hiddinkə məsləhət görür. Özü də Bojoviç Səmədovun şimal qonşularımız üçün 2010-cu il dünya çempionatına birbaşa düşmək uğrunda Almaniya yığması ilə oktyabrın 10-da Moskvadakı vacib oyunda iştirak etməsini istəyir: “Fikrimcə, Səmədov Rusiya çempionatının ən yaxşı sağ cinah yarımmüdafiəçisidir. Ancaq bu, digər məşqçinin işidir və buna qarışmaq çətindir. Hesab edirəm ki, Hiddink istənilən halda, düzgün qərar qəbul edəcək”.

Qeyd edək ki, Hiddink Səmədovu qarşıdakı oyunlara dəvət edərsə, soydaşımız altı illik fasilədən Azərbaycana da gələcək və oktyabrın 14-də milli komandamızla Bakıdakı rəsmi oyunun da iştirakçısı olacaq. Altı il öncə ölkəmizə gələn Aleksandr millimizdə oynamaqdan imtina etsə də, hələ də Rusiyanın əsas yığmasında debüt etməyib.
0