Qurban Qurbanov: 8 futbolçu bizdən ayrı düşəcək - MÜSAHİBƏ
19.09.2009 - 12:14
Qurban Qurbanov: 8 futbolçu bizdən ayrı düşəcək - MÜSAHİBƏ
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Çempionatdan öncə komandanız uğursuz çıxış edəcəyi halda, bunu faciəyə çevirməyəcəyinizi demişdiniz. Düşünmək olardı ki, "Qarabağ" bu il çempionluğa oynamayacaq. Lakin iki görüşdən sonra artıq 6 xalınız var.
- Onsuz da həmin müsahibəmdə futbolçuların maksimum mübarizə aparacağını qeyd etmişdim. Sadəcə, məğlubiyyəti faciə saymayacaqdım. Hazırda çox sıx proqramla çalışırıq. Bazar günü Zaqatalada oynayırıq, 23-də "Qəbələ" ilə qarşılaşacağıq. Daha sonra Bakıya gəlməliyik. Bütün bunlar futbolçuların oyununa müəyyən təsir göstərəcək. Biz də oyunçuları hər qarşılaşmaya yüksək səviyyədə hazırlamaq istəyirik. Yekun nəticə haqda indidən danışmaq yersizdi. Mövsümün sonunda uğurlu nəticə qazana bilməsək belə, futbolçular arasında anlaşma və keyfiyyətli oyuna görə sevinəcəyik.

- "Turan"la matçda Vaqif Cavadov, Rəşad Sadiqov və Maksim Medvedev kimi əsas heyət üzvlərinin ehtiyatda qalmasını nə ilə izah edə bilərsiz?
- Adıçəkilən futbolçular son oyunlarda sıx qrafik altında çalışıblar. Tovuzlularla oyunda onların bir qədər istirahət etməsinə şərait yaratmaq istədik. Həm də ehtiyatda oturan futbolçulara da şans vermək lazımdı. Heyətimizdəki bütün oyunçuların maksimum potensialına bələd olmaq üçün qarşıdakı oyunlarda da eyni halın şahidi olmağınız mümkündür.

- Cavadovla Sadiqovun ikinci hissədə oyuna çıxması məğlubiyyətdən yaxa qurtarmağa hesablanmışdı?
- Xeyr, proqramımıza uyğun olaraq həmin futbolçuların 45 dəqiqə oynamasına imkan verdik. İlk hissədən sonra üstün durumda olsaydıq belə, Vaqiflə Raşadı oyuna daxil edəcəkdim.

- Sentyabrın 29-da bir araya gələcək millimizin bir ay ərzində ikinci toplanışı olacaq. Maraqlıdır, belə hallar klubdakı planlarınıza təsir etmir ki?
- Əlbəttə, təsir göstərəcək. Səkkiz futbolçumuz bizdən ayrı düşəcək. Bu isə həmin futbolçuların uzun müddət komandamızdan ayrı qalacağı anlamına gəlir. Son vaxtlar çətin olsa da, yetirmələrimi çempionat oyunlarına köklədiyim vaxt ortaya yenə millinin toplanışı çıxdı.

- Bunu öncədən elə etmək olmazdımı ki, klubların işinə maneə törənməsin?
- Millinin inkişaf etməsi, daha uğurlu çıxış etməsi hər birimizin arzusudur. Ona görə istənilən vəziyyətə əl atılır ki, nəticələr ürəkaçan olsun. Əsasən komandamın işlərini gördüyümdən yığmanın başqa planlar üzrə çalışmasına dair plan hazırlamaq haqda düşünməmişəm.

- Bir neçə dəfə Rəşad Sadıqovla əlaqə saxlamağa cəhd etsək də, nədənsə millinin kapitanı zənglərimizi cavabsız qoyur. Sadıqovun zədəsiylə bağlı son məlumatı sizdən almaq istərdik.
- Zədəsini sağaltmaq üzrədir. Son beş gündə komanda ilə birgə toplu çalışmaları davam etdirir. Bu gün bir daha rentgen müayinəsindən keçdi. Demək olar ki, zədəsi tam sağalıb.

- Qarşıdakı oyunda Sadıqovu meydanda görməyimiz mümkündür?
- "Simurqla"la oyunda forma geyməsə də, növbəti qarşılaşmalarda yəqin ki, heyətdə olacaq.

- Quzanlıdakı qazonun ideal vəziyyətdə olmadığı deyilir. Bu həqiqətən belədir?
- Bildiyiniz kimi, "Standart"la matç Quzanlıda baş tutdu. Deyərdim ki, hansısa ciddi problemlə qarşılaşmadıq. Nə qədər pis vəziyyətdə olsa da, bəzi arenalardan yaxşıdır. Fikrimcə, vaxt ötdükcə vəziyyət daha da yaxşılığa doğru irəliləyəcək.

- Bazar günü sizi "Simurq"la çətin səfər oyunu gözləyir. Statistikaya nəzər salsaq, çempionatlar tarixində zaqatalalılara qarşı keçirdiyiniz altı matçda qələbə qazana bilməmisiz. Bu hal aradakı intriqanı daha da artıra bilərmi?
- Statistikadan xəbərim var. Ancaq hansısa əlavə intriqadan söhbət gedə bilməz. "Simurq"la oyuna adi bir qarşılaşma kimi yanaşacağıq. Əlbəttə, əsas məqsəd meydandan 3 xalla ayrılmaq olacaq.

- Premyer Liqanın dörd turundan sonra "Muğan" 7 xalla turnir cədvəlinə rəhbərlik edir. Sizcə, salyanlılar sona qədər eyni templə irəliləyə biləcəkmi?
- Düzünü desəm, bölgə təmsilçisinin heç bir qarşılaşmasını izləməmişəm. Sadəcə, nəticələrindən xəbərdaram. Onların oyununu görmədiyimdən sualınıza cavab verə bilmirəm. Onsuz da öncədən demişdim ki, bu çempionat sürprizlərlə dolu olacaq. Hər bir rəqibə ciddi yanaşmalıyıq.

- Dörd turdan sonra hansı komandanın çıxışı diqqətinizi çəkib?
- Bu haqda düşünməmişəm. Bir onu deyə bilərəm ki, heç bir oyunda asan qələbə olmayacaq.

- Son vaxtlar mətbuatda milli komandanı çalışdıracağınızla bağlı xəbərlər dolaşmaqdadır. Hətta müəlliminiz Şaban Şirdanov qəzetimizə verdiyi açıqlamada sizin həmin posta hazır olduğunuzu bildirmişdi...
- Olar başqa suala keçəsiz?

- Niyə? Məgər fikir bildirmək bu qədər çətindir?
- Hələ ki, "Qarabağ"dayam. Bu komanda üçün hazırladığım planları həyata keçirmək istəyirəm. Bu gün bütün fikirlərim "Qarabağ"la bağlıdır.

- Şirdanovun 49 yaşında əvəzedicilərin çempionatında meydana çıxmasını necə qarşıladınız?
- Düzünə qalsa, bu haqda dünən eşitdim. Son vaxtlar işlərim çox olduğundan mətbuatı ardıcıllıqla izləyə bilmirəm. İndi Zaqatalaya gedirəm. Bu haqda görüşüb söhbət edəcəyik. Həmin hal mənim üçün bir qədər gözlənilməz oldu.

Mənbə: “Futbol+” qəzeti
0