AFFA “Qarabağ”ı sanksiya ilə hədələdi
22.09.2009 - 12:53
AFFA “Qarabağ”ı sanksiya ilə hədələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Premyer Liqanın V turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Standard” – “Neftçi” matçının 53-cü dəqiqəsində Ramal Hüseynov (“Standard”) kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir edib. Bu səbəbdən Ramal 2 oyunluq cəzalanıb, komandası isə 2000 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində Suat Usta (“Neftçi”) hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb. Üstəlik türk futbolçu flaqmanı 200 manat ziyana salıb.

“Olimpik-Şüvəlan” – “Bakı” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cazalanan meydan sahibi 1000 manat cərimə olunub. Eyni səbəbdən “Karvan”la oyunda “Muğan” da 1000 manat cərimə ödəyəcək.

“Simurq” – “Qarabağ” matçının 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə “Qarabağ” klubunun inzibatçısı İlqar Əmirov texniki zonadan kənarlaşdırılıb. Bununla yanaşı, inzibatçı 4 oyunluq cəzalanır, klub isə 4000 manat cərimə olunur.

Görüş başa çatdıqdan sonra “Qarabağ” komandasının ehtiyat oyunçularının texniki zonadakı oturacaqları və soyunub-geyinmə otağının qapısını sındırmışlar. Bu səbəbdən də “Qarabağ” qarşı tərəfə dəyən maddi ziyanı növbəti 5 gün ərzində ödəsin və İntizam Komitəsinə yazılı surətdə məlumat versin. Təkrar hadisə baş verərsə, “Qarabağ” klubuna qarşı ciddi sanksiyalar təqbiq ediləcək.

mənbə: pfl.az
0