Rusiya milli komandasını Bakıya cəzalı hakim yola salacaq
23.09.2009 - 10:10
Rusiya milli komandasını Bakıya cəzalı hakim yola salacaq
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının yer aldığı 4-cü qrupun həlledici matçını cəzalı hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, Rusiya və Almaniya arasında oktyabrın 10-da Moskvada keçiriləcək görüş isveçrəli FİFA hakimi Massimo Buzakkaya həvalə olunub.

İsveçrə Futbol Assosiasiyası Buzakkanı hakimə yaraşmayan hərəkətinə görə 3 oyunluq cəzalandırıb. Məsələ ondadır ki, 40 yaşlı referi ölkə kubokunda “Yanq Boyz” və üçüncü liqa təmsilçisi “Baden” arasındakı görüşdə azarkeşlərə orta barmağını göstərib. Paytaxtı təmsil edən “Yanq Boyz”un azarkeşləri Buzakkanı təhqir etməyə başlayıb ki, buna dözməyən Buzakka tribunadakılara belə qeyr-etik jest edib. Buzakkanın bu hərəkəti böyük qalmaqal yaratdığından İFA onu diskvalifikasiya etməyə məcbur olub. Belə olan halda, təcrübəli hakim İsveçrə - Rusiya matçınadək oyun praktikasından məhrum olacaq. Bu müddətdə ən yaxşı halda Çempionlar Liqasının (ÇL) qrup mərhələsində bir oyun idarə edəcək Buzakkanın cəzası beynəlxalq oyunlara şamil edilmir.

Hakim bu hərəkətinə görə peşman olduğunu etiraf edib: “Razıyam ki, belə etməməli idim. Ancaq fanatlar sözləri ilə məni daim təxribata çəkirdilər. Hər halda, bu daha təkrar olunmayacaq və hərəkətimə görə üzr istəyirəm”.

Rusları Almaniya ilə oyundan 4 gün sonra milli komandamızla səfərdə rəsmi oyun gözlədiyini nəzərə alsaq, onları Bakıya cəzalı hakim yola salacaq.

Qeyd edək ki, FİFA-nın 2010-cu il dünya çempionatının final mərhələsi üçün açıqladığı ilkin siyahıda yer alan Buzakka ötən mövsüm ÇL-nin finalında “Barselona” – “Mançester Yunayted” görüşünü idarə edib.
0