2009-cu ilin ən yaxşı hücumçularının adları açıqlandı
23.09.2009 - 10:32
2009-cu ilin ən yaxşı hücumçularının adları açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən yaxşı hücumçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilin arxada qalan hissəsində keçirilən beynəlxalq görüşlərdə 6 və daha çox top vuranların daxil olduğu cədvəldə 77 futbolçu yer alıb.

Milli komandada və qitə kuboklarında vurulan qollar üzrə liderlik “Sevilya”nın braziliyalı hücumçusu Luis Fabianoya məxsusdur. Hesabında 12 top olan futbolçu ən yaxın izləyicilərini yalnız millidəki qolların sayına görə arxada qoyub. Belə ki, Fabiano 11 dəfə yığma, 1 dəfə klubda fərqlənibsə, Uqandanın “Kampala Siti” klubunun oyunçusu Brayan Omoni hər iki “cəbhədə” 6 dəfə fərqlənib. Alan Kaliyutika Konqo millisində 5, “Mazembe” klubunda 7 qol vurmaqla, üçüncü sırada qərarlaşıb.

Türkiyənin “Qalatasaray” klubunun çexiyalı hücumçusu Milan Baroş 11 qolla liderdən 1 top geri qalsa da, 6-cı sırada qərarlaşıb. 28 yaşlı hücumçu avrokuboklarda 6, yığmada 5 dəfə fərqlənməklə, suriyalı Firas Əl-Xətiblə eyni göstərici və eyni mövqeyə malikdir.

Azərbaycan təmsilçiləri arasında hamıdan çox qol vuran “Bakı”nın braziliyalı hücumçusu Feliks Felipe Almeydadır. O, həmyerlisi Luis Fabianodan 3 dəfə geri qalır: 4 top. “Qarabağ”da 2, millidə 1 dəfə fərqlənən Elvin Məmmədovun hesabında 3 qol var. Rəşad Sadıqov (“Qarabağ”) və Anhel Qutyerres (“İnter”) klubdakı 2 topla siyahıdan çox uzaq düşüb. Daha 7 futbolçumuzun isə beynəlxalq səviyyədə cəmi 1 qol vurub.
0