Andre Ladaqa “Karvan” klubundan yenə qovuldu
23.09.2009 - 10:44
Andre Ladaqa “Karvan” klubundan yenə qovuldu
Azərbaycan yığmasının sabiq futbolçusu Andre Ladaqa Yevlaxın “Karvan” klubundan ikinci dəfə qovulub. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, 34 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqavilə vaxtından əvvəl pozulub:

“Onu “Olimpik-Şüvəlan”la oyundan sonra komandadan kənarlaşdırsam da, sonradan özünün və komanda yoldaşlarının xahişini nəzərə alaraq, bir daha şans verdim. Ancaq Andre bu müddətdə özünü doğrultmadı. Ladaqanın ayağında zədə problemi olduğu üçün Bakıda müalicə olunmağına icazə vermişdim. Ancaq bir ay müddətində xəbər-ətər olmayan braziliyalı məşqlərimizə qatıla bilmir. Ladaqanın zədə üzündən, yoxsa hansı səbəbdən belə etdiyini deyə bilmərəm. Hər halda, Andre bizdə oynamaq istəmir və onunla yollarımızı birdəfəlik ayırdıq. Bu, qəti qərardır” – deyə baş məşqçi əlavə edib.

Bir illik fasilədən sonra Ladaqa “Karvan”ın heyətində ilk iki turda oynayıb və ümumilikdə 57 dəqiqə meydanda olub. O, “Bakı”nın heyətində çıxış etdiyi 4 ildə iki dəfə ölkə çempionluğu, bir dəfə ölkə kuboku qazanıb.
0