“Levski”yə kim və necə “atıb”?
23.09.2009 - 10:58
“Levski”yə kim və necə “atıb”?
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Bakı”nı mübarizədən kənarlaşdıran Bolqarıstanın “Levski” klubu fırıldaqçıların qurbanı olub. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin sabiq yarımmüdafiəçisi Svetoslav Stefanovun da şərəfini qoruduğu Sofiya MOİK-i ilə görüş ərəfəsində “Levski”nin başına oyun açıblar.

Rusiyanın “Rubin” klubunun rəhbərliyi bolqarlarla əlaqə saxlayaraq, 4 aparıcı futbolçusuna – makedoniyalı Darko Tasevski, braziliyalı Ze Suareş, həmçinin Jivko Milanov və mərakeşli Yusuf Rabehi transfer etmək istədiyini bildirib. Bu oyunçulara yüksək maaş, kluba isə 4 milyon dollara yaxın para vəd edən klub nümayəndəsi onlara özünün telefon nömrəsini də verib. Hərçənd, o klubla əlaqə üçün şəhər yox, mobil telefon nömrəsini versə də, “Levski” rəhbərliyi bundan şübhələnməyib. Danışıqlarda ilkin razılıq əldə olunduqdan sonra futbolçular tibbi müayinədən keçmək üçün Moskvaya dəvət olunub. Rusiyaya gələn futbolçularla zəngləşən klub nümayəndəsi onlara əvvəl təklif olunan paranın verilməyəcəyini, bundan 2-3 qat aşağı maaş alacaqlarını bildirib.

Bununla razılaşmayan oyunçular kor-peşman Bolqarıstana qayıdıb. Onların Rusiya səfəri zamanı isə MOİK “Levski”nin dərsini verib - 2:0. Klub rəhbərliyi “Rubin”in nümayəndələri ilə əlaqə saxladıqda məlum olub ki, kazanlılar “transfer pəncərəsi”nin olmadığı bir vaxtda yeni oyunçu almaq fikrində deyil. Bu “dördlük” də onların planlarına daxil deyil. Rusiya hüquq-mühafizə orqanlarına şikayət edən bolqarlar həmin fırıldaqçının kim olduğunu üzə çıxarmaq istəyir. Baş verənlərin bukmeker kontorlarının əməli olduğu ehtimal olunur.
0