Yığmanın sabiq futbolçusunu güllələdilər
23.09.2009 - 12:02
Yığmanın sabiq futbolçusunu güllələdilər
17 yaşadək futbolçulardan ibarət Gürcüstan milli komandasının sabiq futbolçusu Zurab Barabadze qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, zədə üzündən son iki ili yaşıl meydanlardan kənar qalan futbolçu güllələnib. Hadisəyə Zurabın bir qrup tanışı ilə mübahisəsi səbəb olub. Dava-dalaşa çevrilən mübahisənin sonunda tanışlarından biri silahı çıxararaq onu yaralayıb. Xəstəxanaya çatdırılan Barabadzenin həyatını xilas etmək mümkün olmayıb. Qatilin kimliyini müəyyənləşdirən hüquq mühafizə orqanları cinayətkarı yaxalamaq üçün tədbirlərin həyata keçirilməsinə başlayıb.
Qeyd edək ki, Tiflis “Dinamo”sunun yetirməsi olan Zurab 2001-02-ci illərdə U-17-nin şərəfini qoruyub. Futbolçu bir neçə Macarıstan klubunun heyətində legioner həyatı da yaşayıb.
0