“Xəzər-Lənkəran” rəhbərliyi azarkeşlərinin haqqını qaytardı
23.09.2009 - 15:17
“Xəzər-Lənkəran” rəhbərliyi azarkeşlərinin haqqını qaytardı
“Xəzər-Lənkəran”ın Premyer Liqanın lideri Salyanın “Muğan” klubu ilə ev oyununa girişi pulsuz olacaq. Apasport.az saytının məlumatına görə, lənkəranlılar sentyabrın 26-da keçiriləcək görüşə bilet satışını təşkil etməməyi qərara alıb. Bu addım ilk növbədə bir həftə öncə “Bakı” ilə oyunun təxirə düşməsi üzündən aldıqları biletlərdən istifadə edə bilməyən azarkeşlərin haqqını qaytarmaq üçün atılıb.

Klub rəhbərliyi əvvəlcə “Bakı” ilə təxirə salınmış oyuna satılmış biletlərin matç yenidən keçirəcəyi zaman qüvvədə olması qərarını vermək istəsə də, sonradan azarkeşləri çox intizarda qoymamağı məqsədəuyğun sayıb. Son iki oyunda qələbə üzünə həsrət qalan “Xəzər-Lənkəran”ın “qara zolaq”dan qurtulması üçün klub rəhbərliyi “Bakı” ilə təxirə salınmış oyuna biletləri olanlarla yanaşı, bilet alıb, lakin onu saxlamayan və güclü yağış üzündən həmin oyuna gələ bilməyən azarkeşləri də unutmayıb. Məhz bu səbəbdən “Muğan”la oyun yalnız təxirə salınmış “Xəzər-Lənkəran”-“Bakı” oyununa bileti olanlara yox, bütün digər azarkeşlər üçün də pulsuz olacaq. Bu aksiya sayəsində Lənkəran şəhər mərkəzi stadionunun anşlaq intizarına da son qoyulacağına ümid edilir.