Rəşad Sadıqov 333 gün gözlədi, 15 dəqiqə oynadı
23.09.2009 - 15:51
Rəşad Sadıqov 333 gün gözlədi, 15 dəqiqə oynadı
Rəşad Sadıqov 333 gündən sonra Azərbaycan milli çempionatına qayıtdı. Apasport.az saytının hesablamalarına görə, milli komandamızın 27 yaşlı kapitanı “Qarabağ”ın heyətində ölkə çempionatında bu gün Ağdamda “Qəbələ” ilə II turdan təxirə salınmış oyunda debüt etdi. Ancaq yeni klubunda da sarğını daşıyan Rəşadın dönüşü cəmi 15 dəqiqəlik oldu.

Belə ki, zədəsi tam sağalmayan Sadıqov ayağında ağrılar hiss etdiyi üçün əvəzlənməli oldu. O, sonuncu dəfə çempionatımızda ötən ilin oktyabrın 25-də “Neftçi”nin heyətində “İnter” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda iştirak etmişdi. “Neftçi”nin həmin vaxt baş məşqçisi olan almaniyalı Hans-Yurgen Gedenin heyətlə bağlı apardığı ciddi islahatlar nəticəsində Rəşad da daxil olmaqla, 7 futbolçu komandadan kənarlaşdırılmışdı. Bundan sonra flaqmanla yollarını birdəfəlik ayıran Sadıqov ötən mövsümün ikinci dövrəsini Türkiyə Superliqasında “Kocaelispor”un heyətində keçirdi.

Çempionatda 135-ci oyununa çıxan müdafiəçi bunun 125-ni “Neftçi”, 9-nu Tovuzun “Turan” klubunda keçirib. Rəşad çempionatda 8 qolu “Neftçi”nin heyətində vurub.

Sadıqov “Qarabağ”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində Norveçin “Rusenborq” klubu ilə səfər oyununda debüt edib. Zədə üzündən milli komandamızın son rəsmi oyunlarına da çağırılmayan Rəşad buna qədər axırıncı dəfə Avroliqanın üçüncü mərhələsində Finlandiyanın “Honka” klubu ilə avqustun 6-da Respublika stadionunda keçirilən görüşdə meydana çıxmış və həmin oyuna qələbə topunun müəllifi olmuşdu.