“Xəzər-Lənkəran” Türkiyədə “Antalyaspor”la yoldaşlıq görüşü keçirəcək
24.09.2009 - 11:25
“Xəzər-Lənkəran” Türkiyədə “Antalyaspor”la yoldaşlıq görüşü keçirəcək
“Xəzər-Lənkəran” klubu gələn ay Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranacaq fasilədən istifadə edərək, oktyabrın 1-dən 11-dək Antalyada təlim-məşq toplanışı keçəcək.

4 futbol meydançasına malik “Adora Golf Resort Hotel”də məskunlaşacaq komanda baş məşqçisi Ağasəlim Mircavadovun planına əsasən, 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərdən birinin Türkiyənin Superliqa təmsilçisi “Antalyaspor” klubunun olacağı dəqiqdir. “Muğan”la sentyabrın 26-da evdə keçiriləcək oyundan sonra qısa müddətli məzuniyyətə buraxılacaq “Xəzər-Lənkəran”ın futbolçuları oktyabrın 1-də səhər tezdən Türkiyəyə yollanacaq. Ancaq bu toplanışda milli komandamıza çağırılan Kamran Ağayevlə Rahid Əmirquliyev, 19 yaşlılardan ibarət yığmamıza dəvət alan Kazım Kazımlı, habelə Moldova yığmasına çağırılan Denis Kalinkov qatıla bilməyəcək.

Yeri gəlmişkən, son turda “Qəbələ” ilə səfər oyununda rəqib müdafiəçilərin kobudluğuna məruz qalan Kalinkov qasıq nahiyəsində zəif ağrılar hiss edir. Bununla belə, moldovalının sağlıq vəziyyəti narahatlıq doğurmur.
0