Qyoko Hacıyevski rəsmən istefaya göndərildi! - YENİLƏNİB
24.09.2009 - 18:10
Qyoko Hacıyevski rəsmən istefaya göndərildi! - YENİLƏNİB
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski istefa verib. Bu haqda apasport.az saytına məlumat verən etibarlı mənbə bildirib ki, makedoniyalı çalışdırıcı fikrini klub rəhbərliyinə çatdırıb. Amma onun postunda qalıb-qalmayacağı komandanın prezidenti Hafiz Məmmədovla görüşdən sonra bəlli olacaq.

Məlumata görə, Hacıyevski dünən Tofiq Bəhramov adına stadionda “Standard”la qarşılaşmadan (0:0) sonra istefa vermək fikrini qətiləşdirib. Belə ki, hələ avroliqanın dördüncü təsnifat mərhələsində “Bazel”lə görüşdən sonra klub rəhbərliyi Hacıyevski ilə vidalaşmaq qərarına gəlib. Əvəzində makedoniyalı mütəxəssis rəhbərlikdən vaxt, konkret Premyer Liqanın 4-5 turunadək şans istəyib. Amma ölkə çempionatında paytaxt təmsilçisinin 3 oyundan cəmi 1 qələbə qazanması, rəhbərliyin səbr kasasını doldurub.

“Bakı”nın yeni çalışdırıcısının kim olacağına gəlincə, çox güman ki, baş məşqçi postu türkiyəli mütəxəssisə həvalə ediləcək. Bu işlə klubun türkiyəli vitse-prezidenti Tunc Afşarın məşğul olduğu bildirilir.

Son anda əldə etdiyimiz xəbərə görə, Hacıyevski özü də klubda çalışmaq fikrində deyil. O, bu gün axşam saatlarında paytaxt təmsilçisi ilə ayrılıb, vətəninə yollana bilər.

Az öncə keçirilən klub daxili iclasda Hacıyevskinin taleyinə aydınlıq gətirilib. Komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytının müxbirinə bildirib ki, makedoniyalı çalışdırıcı tutduğu postdan azad edilib.
0