Elmar Baxşıyev Berti Foqtsdan narazıdır
24.09.2009 - 14:51
Elmar Baxşıyev Berti Foqtsdan narazıdır
“Milli komandaya çağırılmağımdan xəbərim yoxdur. Bunu ilk dəfə sizdən eşidirəm. Açığı, yığmadan dəvət alacağımı gözləmirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.

Son illərdə milli komandanın əsas futbolçulardan sayılan 29 yaşlı futbolçuya hazırkı baş məşqçi Berti Foqts da etimad göstərsə belə, axırıncı oyunlarda vəziyyət dəyişib. Belə ki, Baxşıyevi heyətdən kənarda qoyan 63 yaşlı alman mütəxəssis hansısa futbolçu zədələnərsə, ona dəvət göndərir.

Bir müddət əvvəl yığmada “Olimpik-Şüvəlan” klubundan olan həmkarı Aqil Nəbiyevi əvəzləyən Baxşıyev bu dəfə milli komandamızın kapitanı Rəşad Sadıqovun (“Qarabağ”) yerinə çağırılıb. Ancaq yarımmüdafiəçi Finlandiya və Almaniya ilə rəsmi oyunlarda meydana çıxası olmadı. Foqtsun belə addımı Baxşıyevin özü üçün qaranlıq qalıb: “Sonuncu oyunlarda milliyə niyə çağırıldığımı başa düşə bilmədim. Baş məşqçi son anda mənə dəvət göndərsə də, heç bir oyunda şans vermədi. Yəqin ki, Foqts mənə etibar etmir, onun oyun sxeminə uyğun gəlmirəm. O, özü bilər, işinə müdaxilə edə bilmərəm. Sadəcə, çağırılıb ehtiyatda qalmağım mənə pis təsir. Hər halda, neçə illərdir yığmada oynayıram, son vaxtlara qədər mütəmadi çağırılırdım”.

Ötən ildən şərəfini qoruduğu “Neftçi” klubunun əsas heyət üzvlərindən sayılan Elmar oyun planında gerilədiyini düşünmür: “Deməzdim ki, son vaxtlar məndə geriləmə müşahidə olunur. Hər halda, hamı ilə birgə məşq edirəm, yaxşı hazırlıq keçirəm. Baş məşqçi şans verəndə meydana çıxıb komandanın uğurlu çıxışı üçün çalışıram. Belə baxanda, hamı oynamaq istəyir və heyətə düşmək uğrunda mübarizə aparır. Son oyunlar zamanı Foqtsla söhbətim oldu. Vəziyyətimlə maraqlanan alman mütəxəssisə fikrimi bildirdim. Dedim ki, oynamayacağamsa, onda çağırılmağımın mənası yoxdur. Yenə dəvət olunub, “18-liy”ə düşməyəcəyəmsə... İstənilən halda, yığmanın düşərgəsinə gedəcəyəm. Milli komandadan imtina etmək düzgün olmazdı”.

Qeyd edək ki, Elmar Baxşıyev milli komandada 31 oyun keçirib.
0