Vitse-prezident Böyükağa Ağayevin “Neftçi”dən ayrılacağını istisna etmir
24.09.2009 - 16:23
Vitse-prezident Böyükağa Ağayevin “Neftçi”dən ayrılacağını istisna etmir
“Baş məşqçi Böyükağa Ağayevlə yollarımızı ayırmağımız haqqında yayılan xəbərlər yalandır”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

O, komandanın baş məşqçisi postundan ayrıldığı haqda xəbərlər yayılan Böyükağa Ağayevin fəaliyyətinə müvəqqəti fasilə verdiyini bildirib: “Həkimlər ona 10 gün istirahət etməyi lazım bildi. Ağayev indi həm müalicə olunur, həm də istirahət edir. Ona bir müddət əsəb gərginliyindən uzaq olmaq məsləhət görülüb”.

Bununla belə, vitse-prezident Ağayevin klubdan ayrılacağını istisna etməyib. Amma bu, mütəxəssisin səhhətindən asılıdır: “Ona demişəm ki, əgər səhhəti imkan verirsə, gəlib işinə davam edər. “Neftçi”nin baş məşqçi postunda qalıb-qalmamaqla bağlı qərarı da Ağayevin özü verəcək. Mən onu qərar verməyə tələsdirmirəm də. Nə vaxt özü gələr, onda işə başlayar, ya da səhhətinin buna imkan vermədiyini deyər”.

Quluzadə yeni baş məşqçi axtarışlarına başlamadıqlarını da bildirib: “Ağayev nə vaxt işləyə bilmədiyini desə, onda baş məşqçi axtarışına çıxacağıq”.
0