Hacıyevski: İstefaya gedəcəyim daha realdır!
24.09.2009 - 15:43
Hacıyevski: İstefaya gedəcəyim daha realdır!
“Mən xeyli müddətdir futbolun içindəyəm, təcrübəm böyükdür. Bilirəm ki, istefamla bağlı məsələdən xəbərdarsınız, fikrimi bilmək istəyirsiniz. İndi onu deyə bilərəm ki, taleyimə Hafiz Məmmədovla görüşdən sonra tam aydınlıq gələcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Son vaxtlar uğursuzluq zolağına düşən ölkə çempionu “Olimpik-Şüvəlan”la səfər matçında qazandığı qələbədən (1:0) sonra özünə gəlsə də, ardından autsayder “Standard”la ev oyununda xal itkisi 54 yaşlı makedoniyalı mütəxəssisin istefasını yenidən gündəmə gətirdi: “Axır zamanlarda mətbuatın diqqət mərkəzinə düşdüyünü hiss edirəm. Jurnalistlərlə münasibətlərim həmişə yaxşı olub. Sadəcə, son vaxtlar hər oyundan sonra gedəcəyim, yaxud qalacağım müzakirə obyektinə çevrilib. Fikrimcə, bu, normal deyil. Çempionat yeni başlayıb, digər rəqiblərimiz də xal itirib. Hafiz Məmmədovla görüşməyim lazımdır. Bunun bu gün baş tutacağı mümkündür. Yalnız bundan sonra qəti söz demək olar”.

Hacıyevski komandanın prezidenti ilə nəyi müzakirə edəcəyini deməyib: “Bunu indidən deyə bilmərəm. Qoy, Hafiz Məmmədovla görüşüm, onda sonra fikirlərimi bildirərəm. Buna qədər ona nəyi demək istədiyimi söyləməyim düzgün çıxmaz. Hafiz Məmmədovla, “Bakı” ilə münasibətlərim yaxşıdır və həmişə belə olaraq qalacaq. Əgər Hafiz Məmmədov qalmağımı istəsə, fəaliyyətimi davam etdirərəm. Ancaq indiki vəziyyətdə gedişimin baş tutacağı daha real görünür. Artıq növbəti turda “Qarabağ”la görüşdə “Bakı”nın baş məşqçi postunda olmamağım mümkündür. İstənilən halda, “Bakı” ilə ayrılası olsam, bu, alicənabcasına, xoşluqla olacaq. Hesab edirəm ki, “Bakı”da iki ildə gördüyüm iş məhsuldar alındı, komanda ölkə çempionu oldu”.

Qeyd edək ki, Hacıyevski “Bakı”ya baş məşqçi 2007-ci ilin sentyabrında təyin olunub.
0