FİFA azərbaycanlı hakimi tarixə salacaq
24.09.2009 - 23:00
FİFA azərbaycanlı hakimi tarixə salacaq
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) azərbaycanlı hakim Anar Salmanovu tarixə salacaq. Apasport.az saytının hesablamalarına görə, 29 yaşlı həmyerlimiz futbolda FİFA referisi dərəcəsi alacaq ən gənc hakimimiz olacaq. O, bununla ölkə futbolunda yeni rekord müəyyənləşdirəcək.

Belə ki, indiyədək həmvətənlərimizdən yalnız ikisi FİFA referisi adını 30 yaşını yeni haqlayandan sonra alıb. Bu baxımdan rekord Tahir Süleymanovla Babək Quliyevə məxsus idi. Süleymanov Quliyevdən 10 yaş böyük olsa da, onları birləşdirən məqam 31 yaşında FİFA hakimi dərəcəsini almalarıdır. İndi Salmanov 30-u haqlamamış bu dərəcəyə sahib çıxmaqla, tarixə düşəcək. Əslində, Quliyevin 28 yaşında FİFA hakimi olması rekordu qüvvədə qalır. Sadəcə, fərq ondadır ki, o, buna futzalda nail olub.

Hakimliyə gələnə kimi peşəkar futbolla məşğul olan Anar karyerasının böyük hissəsini “Dinamo” klubunda keçirib. Keçmiş yarımmüdafiəçi bu komandanın heyətində milli çempionatda (1998-2002) 34 oyun keçirib. O, ilk klubu olan “Neftçi”nin heyətində 1997/98 mövsümündə 3 görüşdə meydana çıxıb. Futbolçu karyerasını 24 yaşında “Siyəzən-Broyler” klubunda bitirən Anar həmin əyalət təmsilçisi ilə 2003/04 mövsümündə birinci dəstədə çıxış edib.

Ancaq “Siyəzən-Broyler”ə qədər hakimliyə başlayan Salmanov əsasən aşağı divizionda idarəçilik edib. 2004/05 mövsümündə baş hakim kimi böyük etimad göstərilən Salmanov son turda “Gəncə” – “Xəzər-Lənkəran” (0:1) oyunundan sonra bu sahədən kənarlaşdırılıb və iki il öncə yenidən qayıdıb.

Qeyd edək ki, cəzalı Babək Quliyevin yerinə FİFA referisi kimi adı ali futbol qurumuna göndərilən Salmanov bu dərəcəyə ilin sonunda sahib çıxacaq.
0