FİFA Azərbaycan çempionuna dərəcə verəcək
24.09.2009 - 23:11
FİFA Azərbaycan çempionuna dərəcə verəcək
FİFA hakim-köməkçisi dərəcəsini almağa yeni namizədlərdən Vaqif Musayev vaxtilə ölkə çempionu olub. Apasport.az saytının hesablamalarına görə, 37 yaşlı veteran futbolçu Tovuzun “Turan” klubunun yeganə çempion olduğu mövsümdə (1993/94) onun sıralarında olub.

Ancaq həmin vaxt bu komandada cəmi 2 oyunda meydana çıxan Vaqif mövsümün gedişində “Azəri” klubuna (10 oyun, 1 qol) keçib. Milli çempionatda çıxışına “Turan”da başlayan yarımmüdafiəçi bu komandada ümumilikdə 33 oyun keçirib, 1 qol vurub. OİK (1995-97, 48 oyun, 2 qol), “Neftçi” (1997/98 mövsümün ikinci yarısı, 5 oyun), “Şəfa” (1999, 17 oyun) klublarında da oynayan Vaqifin karyerasında “Bakılı” özünəməxsus yer tutur.

Belə ki, keçmiş yarımmüdafiəçi hələ “Araz” adlanan (1997/98 mövsümünün ilk yarısı, 9 oyun) vaxtda bu komandanın şərəfini qoruyub, futbolçu karyerasını 32 yaşında “Bakılı”da (1998/99, 2003/04 mövsümləri, 30 oyun) başa vurub. O, 1994/95, 2000/01, 2001/02 mövsümlərində güclülər dəstəsində çıxış etməyib.

Musayev kimi, yeni FİFA hakim olmağa digər namizədlər - Mübariz Haşımovla (1981 təvəllüdlü) mingəçevirli Samir Hacıyevdir (1983) ki, onlar milli çempionatın iştirakçısı olmayıblar. Yeri gəlmişkən, Mübarizin özündən 7 yaş böyük qardaşı Ceyhun Haşımov da hakimdir. Ondan təcrübəli olan Ceyhun baş və ehtiyat hakim oyunlara təyinat alır.
Onların atası Səfər Haşımov isə veteran hakimdir, hakim-inspektor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, yeni “üçlük” FİFA hakim-köməkçiləri kimi təcrübəli həmkarları Ramiz Əsədov (1964), Aydın Ələkbərovla İlham Əliyev (hər ikisi 1966 təvəllüdlü) əvəzləyəcək. Əsədovun bu il 45 yaşı tamam olur və qaydalara görə beynəlxalq karyerasını bitirməlidir. Bununla da, 1997-ci ildən FİFA hakim köməkçisi dərəcəsini daşıyan Əsədovun uzun müddətli uğurlu seriyası qırılmış olacaq. O, belə seriya ilə beynəlxalq dərəcəli hakimlər arasında rekordçulardan oldu. Əsədovdan fərqli, Ələkbərovla Əliyev milli çempionatda oynayıb, ilk Azərbaycan kubokunu qazananlar sırasında olublar. Bu, 1992-ci ildə Bakının “İnşaatçı” klubunun heyətində baş verib.