“Feliksin nizam-intizamla bağlı problemi var”
24.09.2009 - 23:18
“Feliksin nizam-intizamla bağlı problemi var”
“Bakı” klubunun hücumçusu Feliks Felipe Almeydanın nizam-intizamla bağlı problemi var. Bu barədə apasport.az saytına açıqlama verən komandanın vitse-prezidenti Zeynal Məmmədov bildirib ki, bu səbəbdən Nalçik “Spartak”ından yarım illiyə icarəyə götürülən 24 yaşlı braziliyalı futbolçu son iki oyunda meydana çıxmayıb. Milli çempionatımızda debüt etdiyi Zaqatalanın “Simurq” klubu ilə oyunda sarı vərəqə alan Feliks görüşdən sonra rəqib futbolçu ilə insidentin iştirakçısı olub: “Onu cəzalandırmamışıq, komandanın məşqlərində iştirak edir. Sadəcə, baş məşqçi heyətə qoymurdu. Feliksin nizam-intizamla bağlı problemi olduğu üçün son oyunlarda meydana çıxmırdı”.

Məmmədov Almeyda ilə yanaşı, son vaxtlar heyətdən kənarda qalan Bəxtiyar Soltanovla xorvat yarımmüdafiəçi Aleksandr Şoliçin də məsələsinə aydınlıq gətirib: “Vətəninə şəxsi planda problemlərini yoluna qoymaq üçün gedən Şoliç sabah qayıdır. Ancaq onun növbəti turda “Qarabağ”la görüşdə iştirak edəcəyi dəqiq deyil. Hər halda, futbolçu oyuna bir gün qalmış düşərgəyə gələcək və onun hansı formada olmasından çox şey asılı olacaq. Bəxtiyar da son vaxtlar formada olmadığı üçün kənarda qalırdı. Ancaq hamı oynayacaq, hər bir futbolçuya şans veriləcək. Qışa kimi heyətimizdə böyük dəyişiklər olacaq. Çünki “transfer pəncərəsi” artıq bağlanıb və ilin sonuna kimi bu heyətdən istifadə edəcəyik”.
0