Babək Quliyev: Bu, mənə atamdan qalmayıb ki...
24.09.2009 - 23:21
Babək Quliyev: Bu, mənə atamdan qalmayıb ki...
“Mənim əvəzimə FİFA hakimi dərəcəsini almağa Anar Salmanovun namizəd olmasından xəbərim var. Bunu çoxdan bilirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyev deyib.

Yarım ildir cəza üzündən işindən uzaq qalan 35 yaşlı Quliyev FİFA dərəcəsini itirəcəyi ilə çoxdan barışıbmış: “İstedadlı hakimlər qrupunda yerimi itirdikdən sonra bu dərəcəni daşımağın mənası yox idi. Yəni, versəydilər belə, onu götürməzdim. Xeyli əziyyət çəkib, 3-cü qrupa yüksəlmiş və buna nail olan ilk azərbaycanlı hakim kimi tarixə düşmüşdüm. Ancaq cəzalanmağımla Azərbaycan da UEFA-nın hakimliyində yerini itirdi. Hesab edirəm ki, Anar gənc hakimlərimiz arasında FİFA referisi olmağa ən layiqlisidir. Onun hakimlik səviyyəsi, gənc, perspektivli olması bunu deməyə əsas verir”.

Gənc həmkarına ingilis dilini mükəmməl bilməyi tövsiyə edən Quliyev halallıq məsələsinə belə münasibət bildirib: “Bilirsiniz, bu, FİFA-da Babək Quliyevin yox, Azərbaycanın yeri idi. Bu, mənə atamdan qalmayıb ki, halallıq verim. Anar mərifətli, qanacaqlı oğlandır. Onunla əlaqə saxlayırıq. Salmanova FİFA hakimi kimi uğurlar arzulayıram. Onun beynəlxalq miqyasda uğurlarımı təkrarlayıb-təkrarlamayacağını həyat göstərəcək. Hər halda, hesab edirəm ki, Anar ölkəmizi FİFA referisi kimi layiqli təmsil edə bilər”.

Qeyd edək ki, 29 yaşlı Salmanovun ilin sonunda alacağı FİFA referisi dərəcəsini Quliyev 2006-cı ildən daşıyırdı.
0