Milli komandamızın müdafiəçisi İstanbulda cərrah stoluna uzandı
06.10.2009 - 14:18
Milli komandamızın müdafiəçisi İstanbulda cərrah stoluna uzandı
“Bakı” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu cərrahiyyə əməliyyatı olunub. Bu haqda apasport.az saytına “Bakı”nın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı futbolçu İstanbulun “Acıbadem” klinikasında əməliyyat edilib.

Yığmamızın Lixtenşteyn və Rusiya komandaları ilə rəsmi oyunlarına çağırılan Saşa Almaniyanın Frankfurt şəhərində keçirilən təlim-məşq toplanışında zədələndiyi üçün heyətdən kənarlaşdırılıb. Nəticədə qısa müddətə vətənə dönən Yunisoğlu Türkiyəyə komandasının düşərgəsinə yollananadək zədə probleminin həlli ilə məşğul olub.

“Bakı” ilə “Acıbadem” arasında bağlanan müqaviləyə görə, klinika bu komandanın futbolçularının cərrahiyyə əməliyyatı edilməsi və digər tibbi xidmətlərinin xərcini öz üzərinə götürüb. Afşar bildirib ki, tanınmış türkiyəli həkim Ömər Taşarın apardığı əməliyyat uğurla alınıb. Yunisoğlu təxminən bir aydan sonra sıraya dönəcək. Vitse-prezident müdafiəçinin hazırda təlim-məşq toplanışında olduqları Antalyaya gəlməsinin və ilk bərpa prosesini orada keçməsinin nəzərdə tutulduğunu söyləyib.
0