AFFA rəsmisindən transfer tövsiyələri - MÜSAHİBƏ
06.10.2009 - 14:54
AFFA rəsmisindən transfer tövsiyələri - MÜSAHİBƏ
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev assosiasiyanın rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, transfer məsələləri ilə bağlı ətraflı məlumat verən komitə sədri öz tövsiyələrini çatdırıb. Malıyev 18 yaşdan aşağı olan futbolçunun beynəlxalq transferi qadağan olmasını bəyan etməklə klubları xəbərdar edib. Hər bir klubun nümayəndəsi transfer məsələləri ilə bağlı məlumat almaq, qarşıya çıxan problemlərin müvafiq qaydalar çərçivəsində həllinə nail olmaq üçün əvvəlcədən vaxtını dəqiqləşdirməklə Malıyevlə, habelə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşə bilər.

- İlk növbədə oyunçuların statusu və transferi qaydaları ilə bağlı qısa məlumat verməyinizi istərdik.
- Oyunçuların statusu və transferi onların transferlərini, statusunu, yarışlarda iştirak imkanlarını, milli komandalara buraxılma və orada oynama qaydalarını əhatə edir. Bu qaydalar FİFA üzvü olan bütün ölkələrdə oxşar qaydada tətbiq olunur. Oyunçuların Statusu və Transferi barədə danışdıqda biz ilk növbədə həvəskar və peşəkar oyunçuları ayırmalıyıq. Milli assosiasiyalar daxilində keçirilən çempionatlarda iştirak edən futbolçular peşəkar və həvəskar ola bilər.

- Futbolçuların bu cür təsnifatı necə müəyyənləşdirilir?
- Klubla yazılı kontraktı olan və futbol fəaliyyətinə görə ona çəkilmiş xərcdən artıq ödəniş alan futbolçu peşəkar adlanır. Bütün yerdə qalan futbolçular həvəskarlardır. Həvəskar futbolçu futbola hobbi və əyləncə kimi baxan, ordan maddi gəlir əldə etməyən və ən əsası ona sərf edilən məsrəfdən artıq ödəniş almayan futbolçudur. Həvəskar futbolçunun əsas məqsədi öz sağlamlığını qoruması və bədən tərbiyəsi ilə məşğul olmasıdır.

- Yetkinlik yaşına çatmayan futbolçularla bağlanan müqavilələrlə əlaqədar müxtəlif ölkələrdə vaxtaşırı müəyyən problemlər yaranır. Mövcud qanunlarla bu məsələ necə tənzimlənir?
- FİFA və UEFA-nın normativ sənədləri yetkinlik yaşına çatmayan futbolçuların hansı yaşda peşəkar müqavilə bağlamaq hüquqlarını nəzərdə tutan normanı dəqiq müəyyən etmir. Mövcud normaları təfsir etsək, belə bir nəticəyə gələ bilərik: hətta 16 və 17 yaşlarında belə, futbolçular peşəkar müqavilə bağlaya, yəni onlara sərf edilən məbləğdən artıq məbləğ alıb peşəkar sayıla bilərlər. Sadəcə, burada bir hüquqi nüansı nəzərə almaq lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 18 yaşına çatmamış şəxslər tam fəaliyyət qabiliyyətli sayılmırlar, yəni onlar bəzi əqdləri çıxmaq şərti ilə müstəqil şəkildə müqavilə bağlaya bilməzlər. Onlar ancaq öz valideynləri və ya himayəçilərinin razılığı ilə hər hansı bir müqavilənin tərəfi ola bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən, on beş yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər, lakin bu zaman valideyn və ya himayəçinin mütləq şəkildə razılığı lazımdır.

- Futbolda uşaq əməyinin istismar olunmasının qarşısının alınması ilə bağlı hansı tədbirlər görülür?
- Son dövrlərdə futbolçuların uşaq yaşlarından 3-cü ölkələrdən inkişaf etmiş ölkələrə aparılaraq, onların əməyinin istismar edilməsinin qarşısını almaq üçün FİFA bir sıra normativ sənədlərinə onlarla bağlı maddələr daxil edib. Bu maddələrdən biri də FİFA-nın Status və Transfer haqqında əsasnaməsinin 19-cu maddəsidir. Həmin maddəyə əsasən, 18 yaşdan aşağı olan futbolçunun beynəlxalq transferi qadağandır. Bu maddədən Azərbaycan futbolçularının da istifadə edə biləcəyi bir sıra istisnalar vardır:

1. Futbolçunun valideynləri futbolla bağlı olmayan səbəbə görə yeni klubun olduğu ölkəyə köçür.
Bu zaman futbolçunu qeydiyyata alan federasiya onun ailəsinin həqiqətən də futbolla bağlı olmayan səbəblərə görə həmin ölkəyə köçməsini araşdırmalıdır. Burada ancaq valideynlərin köçməsindən söhbət gedə bilər. Əgər həmin ölkəyə futbolçunun qohumları köçərsə və ya orada yaşayarlarsa, bu maddə tətbiq oluna bilməz.

2. Futbolçu transfer olunacağı ölkə ilə sərhəddən 50 km-də yaşayır və klub da sərhəddən eyni məsafədə yerləşir. Bu zaman futbolçunun yaşadığı yer ilə klubun yerləşdiyi yer arasında məsafə 100 km dən artıq olmamalıdır. Bu halda futbolçu evində yaşamalı və 2 assosiasiya oyunçunun yeni klubda qeydiyyatı ilə bağlı razılığa gəlməlidirlər.
Bu istisna sərhəd istisnası da adlanır. Sərhədyanı ərazilərdə olan xüsusi halları nəzərə alaraq sərhədlərarası daimi mübadilələr baş verir. Nəzərə alsaq ki, bu mübadilə gənc futbolçulara da təsir edir, bu zaman sərhədə yaxın yerdə yaşayan futbolçu digər sərhəd ölkəsindəki klubda oynaya və assosiasiyada qeydiyyata alına bilər.

- Futbolçularla bağlanılan müqavilələrin müddətləri və onların yeni kontrakt bağlamaları ilə bağlı əsas qaydalar barədə də məlumat verməyinizi istərdik…
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən
1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
Peşəkar adlanan istənilən oyunçu onu işə götürən klubla yazılı müqavilə imzalamalıdır. Müqavilənin minimum müddəti qüvvəyə mindiyi tarixdən mövsümün axırına qədər, maksimum isə 5 ildir. Maksimum müddət klubla futbolçunun maraqları arasında balans yaratmaq üçün müəyyən edilib. Bir tərəfdən bu kluba rəqabətli komanda yaratmaq üçün hesablanan vaxt, digər tərəfdən isə futbolçu üçün onun düzgün inkişafına mane törətməmək şərti ilə kluba bağlı olması üçün müəyyən olunan vaxtdır. Futbolçularla bağlı kompensasiya hesablanarkən 5 il müddəti əsas götürülür. Milli qanunvericiliyin icazə verdiyi şəkildə futbolçular 5 ildən artıq müddətə müqavilə imzalayarlarsa, bu zaman kompensasiyanın ödənilməsi üçün ilkin 5 il müddəti əsas götürüləcək. Gənc oyunçuların maraqlarının qorunması və onların 1 kluba bağlanmaqla inkişafının qarşısını almamaq üçün 18 yaşına çatmayan futbolçularla müqavilə 3 ildən artıq müddətə bağlana bilməz. Bu müddətdən artıq bağlanan müqavilələr futbol qurumları tərəfindən tanınmayacaq.

- Klub və futbolçular arasında əsasən hansı problemlər ortaya çıxır?
- Hər hansı bir klub oyunçunun yaxşı oynamamağını, məşqlərə yaxşı yanaşmamağını, hətta məşqlərə gəlməməyini onun digər klubla əlaqədə olduğu və ya həmin kluba keçmək istəməsi ilə əlaqələndirir. Bütün bu məsələlər FİFA-nın Status və Transfer barədə əsasnaməsində öz əksini tapıb. Əsasnaməyə əsasən, peşəkarla müqavilə bağlamaq istəyən klub onun cari klubunu danışıqlara girməmişdən əvvəl yazılı şəkildə məlumatlandırmalıdır. Peşəkar cari müqaviləsi bitdikdə və ya bitməsinə 6 ay qalmış digər klubla müqavilə bağlaya və ya danışıqlara girə bilər. Bu qaydanın pozulması müvafiq cərimələrlə nəticələnə bilər. Müqaviləsi bitmək üzrə olan futbolçu yeni müqavilə bağlayana qədər onun bitməsini gözləyə bilməz və bu onun futbolçu kimi stabil formada olmasına kömək edir. Əks halda onun üçün yeni klub tapmaq və müqavilə imzalamaq üçün vaxt çox az olacaq. Bu altı aylıq müddət həm oyunçu üçün onun danışıqlara başlaması və klub tapması, həm də klub üçün oyunçunun kənar faktorlar nəticəsində klubu tərk etməsi ilə, klubu komanda heyəti ilə bağı problemlə rastlaşmamaq üçün ağlabatan müddətdir. Oyunçunun yeni kontraktı mövcud müqavilənin müvafiq qaydada icra olunaraq bitməsinə heç bir mənfi təsir göstərən maddələri özündə əks etdirməməlidir.

- Müqaviləyə xitam verilməsi ilə bağlı məqamlar da kifayət qədər maraq doğurur…
- Təbii ki, futbolçuların bağladıqları müqavilədən danışarkən biz eyni zamanda müqaviləyə xitam verilməsinin bir neçə halı barədə də qeydlərimizi bildirməliyik. Bunlardan birincisi ciddi səbəblər nəticəsində müqavilənin ləğvidir. Yəni ciddi səbəblər olduğu halda müqavilə tərəflərin birinin təkidi ilə hər hansı bir nəticə yaratmadan (kompensasiyanın ödənilməsi və ya idman sanksiyalarının qoyulması) ləğv edilə bilər. Müqavilələrə hörmət və riayət edilməsi prinsipi mütləq bir şey deyil. İstər futbolçu, istərsə də klub ciddi səbəblər olduqda müqaviləyə xitam verə bilər. Bir dəfə baş vermiş ciddi səbəb müqavilənin dərhal ləğv edilməsinə gətirib çıxarmamalıdır. Müqaviləyə əməl edilməməyi uzun müddət davam edərsə və ya müəyyən dövr üçün pozulmalar üst-üstə yığılarsa, bu zaman müqaviləyə əməl edilməməyi elə bir dərəcəyə çatır ki, müqavilə tərəfinin ona xitam vermək hüququ yaranır. Bununla bağlı bir misal çəkə bilərəm. Futbolçu klubda oynadığı vaxtda müəyyən dövr ərzində əmək haqqı almır. Kluba bu barədə deyilməsinə baxmayaraq, bu məsələ həll olunmur. Bu zaman futbolçu klubu məlumatlandırır ki, o müqaviləyə dərhal birtərəfli qaydada xitam verəcək. Bu halda futbolçunun əmək haqqını uzun müddət almamağı ona müqavilənin maliyyə şərtlərinin pozulmasını əsas gətirərək müqaviləyə xitam vermək hüququnu verir.
FİFA-nın Oyunçuların Statusu və Transferi əsasnaməsinin 15-ci maddəsi idman xarakterli ciddi səbəb olduqda müqaviləyə xitam vermək halını nəzərdə tutur. Bu maddəyə əsasən mövsüm ərzində klubun iştirak etdiyi rəsmi oyunların 10%-dən azında çıxış edən peşəkar müqaviləni qabaqcadan poza bilər. Belə hallar yarandıqda peşəkarın vəziyyəti nəzərə alınmalıdır. İdman xarakterli ciddi səbəbin olması hər bir konkret halda müəyyən edilməlidir. Belə hallarda idman sanksiyaları qoyulmayaraq kompensasiya verilə bilər. Futbolçu bu maddədə göstərilən səbəbdən müqaviləni yalnız mövsüm ərzində klubunun keçirdiyi sonuncu rəsmi oyundan sonrakı 15 gün müddətində ləğv edə bilər. Bu qayda mövsüm ərzində oyunların 10%-dən azında iştirak edən futbolçuya uzunmüddətli müqaviləni birtərəfli qaydada idman xarakterli səbəblərə görə xitam vermək hüququnu verir. Burada müqaviləni pozan tərəf üçün 2 imperativ (məcburi) şərt vacibdir.

1. Futbolçu təşəkkül tapmış peşəkar olmalıdır

2 . Futbolçu klubun rəsmi oyunlarının 10%-dən azında iştirak etməlidir.

- “Təşəkkül tapmış futbolçu” anlayışının izahı necə verilir?
- Burada əsas fakt futbolçunun yaxşı oynamasına baxmayaraq, klubda oynamaq üçün kifayət qədər imkanı olmamağı və bu səbəbdən də klubu tərk etmək istəməsidir. Təşəkkül tapmış futbolçu artıq məşq müddətini keçmiş futbolçudur. Onun futbol oynamaq qabiliyyəti komandada oynayan digər futbolçulardan aşağı deyil. Bu hallarda əsas səbəblərdən biri həmin futbolçunun mövqeyində, onun səviyyəsində və ya ondan artıq səviyyədə olan futbolçunun olmasıdır.

- Müqavilə pozulduğu zaman kompensasiya ödənilməsi hansı şəkildə tənzimlənir?
- Müqavilə ciddi səbəblər olmadan pozulduğu halda müqaviləni pozan tərəf kompensasiya ödəməlidir. Kompensasiyaların hesablanması qüvvədə olan qanunvericilik, idman xüsusiyyətləri və digər obyektiv meyarlar əsasında baş verir. AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən 16 yaşınadək olan futbolçu klubunu və ya idman məktəbini dəyişərsə, onun məşqçisinə 1000 manat məbləğində ödəniş edilməlidir.
Yuxarıda göstərilən məsələlərlə bağlı mübahisə yarandıqda tərəflər ilk növbədə mübahisənin danışıqlar yolu ilə həllinə can atmalıdırlar. Bu baş vermədikdə onlar AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə ərizə ilə müraciət edə bilərlər. Ərizələr əsaslandırılmış şəkildə tərtib olunmalı, orada zəruri sənədlərə istinad olunmalı və faktların izahatı verilməlidir. Bundan əlavə, tərəflər öz istinad etdiyi halları sübut etmək üçün müvafiq sübutları da ərizəyə əlavə etməlidir. Bu şərtlərə cavab verməyən müraciətlərə komitə tərəfindən baxılmaya bilər.
0