“Əgər atam məndən şübhələnirsə...”
20.10.2009 - 11:44
“Əgər atam məndən şübhələnirsə...”
“Bizim əziyyətimizi yerə vurmasınlar. Rusiya ilə matçın nəticəsi razılaşdırılsaydı, mən meydana çıxmazdım. Allahıma qurban olum, heç vaxt belə çirkli oyunlara adımın düşməsinə imkan vermərəm. Elə o gün futbolu ataram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Xəzər-Lənkəran” klubunun futbolçusu Kamran Ağayev deyib.

23 yaşlı qapıçı dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda yığmamızın Rusiya komandası ilə görüşünün (1:1) nəticəsinin qabaqcadan razılaşdırılması barədə yayılan məlumatlara kəskin narazılığını bildirib: “Rusiya dünyanın ən güclü 5 komandasından biridir. Oyuna çox ciddi hazırlaşmışdıq. Matçın gedişində bizi əsəbiləşdirirdilər. 11 nəfər vuruşanda hər şey eləmək olur. Fikrimcə, hesab ədalətlidir, əlimizdən nə gəldisə, onu da etdik”.

Ağayev qarşılaşmanın 80-ci dəqiqəsində rusiyalı futbolçu Sergey İqnaşeviçin yığmamızın qapısına təyin olunan penaltini bilərəkdən dəqiq yerinə yetirməməsi ilə bağlı iddialara da toxunub. O, ittihamların əsassız olduğunu söyləyib: “Guya İqnaşeviçin penalti vuranda, mənə göz-qaş etməsi haqda gəzən söhbətləri mən də eşitmişəm. Allah haqqı, bu yalandır. Oyundan bir gün qabaq hər şeyi düşünmüşdüm. Uşaqlara da demişdim ki, penalti olsa, ya Arşavin vuracaq, ya da İqnaşeviç. Onların penaltini hara vurmasını çox görmüşəm. Arşavin topa yaxınlaşsaydı, sağa vuracaqdı. İqnaşeviçin zərbələri də adətən güclü olur. Özü də düz qapıçının dayandığı yerə istiqamətləndirir. Hərdənbir də qapıçının sol tərəfinə vurur. İqnaşeviç topa yaxınlaşanda, yerimdə dik dayandım ki, tullanacağımı fikirləşməsin. Əyilsəydim, topu düz ortaya vuracaqdı. Neçə ildir qapıda dayanıram, nəsə bilirəm də. Oyundan çıxıram, bəzi adamlar deyir ki, şou qurtardı. Axı biz əziyyət çəkdik, oynadıq. Heç olmasa, bunu qiymətləndirsinlər”.

Kamran penalti epizoduna görə, hətta atasının da ondan şübhələndiyini bildirib: “Oyundan sonra gəldim evə, gördüm ki, atam mənə şübhəli baxır. Məndən penalti epizodu barədə soruşdu ki, topu özün tutdun? Dedim ki, tutdum. Bu söhbət bəs eləyir. Əgər doğma atam məndən şübhələnirsə, xalqa nə deyə bilərəm... Heç vaxt atama yalan danışmamışam. Etdiyim səhvi də gəlib demişəm ki, filan şey olub. Oyunların alınıb-satılması barədə söz-söhbətlər bizə də pis təsir edir. Vicdanım yol verməz ki, alınmış oyunun iştirakçısı olum. Kimsə gəlib məndən oyun istəsin, verim, gedib sonra özümü öldürərəm”.